”DəmirBank”-ın lisenziyası ləğv edildi

Əkrəm Həsənov: Bu qərar ölkədə bank sisteminin sağlamlaşması illüziyasına son qoydu

Source:


Əkrəm Həsənov: Bu qərar ölkədə bank sisteminin sağlamlaşması illüziyasına son qoydu

Dekabrın 23-dən etibarən “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv edilir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası dekabrın 22-də qərar verib.

“APA-Economics”in məlumatına

görə

, Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.

“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC barəsində iflas proseduruna başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib.

2015-ci ildə baş verən 2 devalvasiyadan (21 fevral və 21 dekabr) sonra bir neçə bank bağlanıb. Ötən il “AGBank” ASC və “DəmirBank” ASC konsolidasiya olunub.  Baş bankir Elman Rüstəmov bildirib ki, bu addım Azərbaycanın bank sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlardan

biridir

.

Ötən il həmçinin “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib.  Həmçinin “Gəncə Bank” ASC və “Bank of Azerbaijan”ın da lisenziyaları ləğv olunmuşdu. 2016-cı ilin 30 dekabrında isə “Bank Standard” kommersiya bankının lisenziyası ləğv olunub.

Bank sahəsi üzrə hüquqşünas Əkrəm Həsənov Meydan TV-yə deyib ki, “DəmirBank”ın vəziyyəti pis olduğundan çoxdan bağlanmalıydı.

Hüquqşünas xatırladıb ki, 2016-cı ilin əvvəlində 6 bank bağlananda Maliyyə Bazarlarına Nəzarət Palatası apreldə heç bir bankın fəaliyyətinin dayandırılmayacağı haqda bəyanat yaydı:

“Hələ onda mən bu bəyanata etiraz edərək bankların bağlanmaq təhlükəsi olduğunu bildirdim və ardınca iyul ayında daha 4 bank bağlandı. Ancaq Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı dedi ki, artıq bankların bağlanması mərhələsi bitdi, bəzi spekulyasiyalar olsa da, “Standartbank” bura daxil deyil. Rüfət Aslanlının dediklərinə baxmayaraq oktyabrda “Standartbank”ı bağladılar. Halbuki, bu bankın bağlanacağını may ayında demişdim. Maliyyə Bazarlarına Nəzarət Palatası isə ötən ildən bank sektorunda sabitliyin olduğu barədə açıqlamalar yayırdı”.

Əkrəm Həsənov

Əkrəm Həsənov bildirib ki, ən böyük problem Maliyyə Bazarlarına Nəzarət Palatasının pis bankları bağlamamasıdır, belə bankları saxlamaqla sistemə ziyan vururlar:

“Məndə dəqiq məlumat var ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bir çox banklara məhdudiyyətlər qoyub, nə əmanət qəbul edə bilirlər, nə əməliyyat keçirirlər, bununla həmin bankların durumunu pisləşdirirlər. Təəssüf ki, belə bankların adlarını çəkə bilməyəcəm. Təsəvvür edin ki, vəziyyəti pis olan banklar ölüm halında olan xəstəyə bənzəyir, amma ona su da vermirlər, yəni onlara əməliyyat keçirmək də qadağan olunub. İkinci, bankların birləşməsi də problemləri həll etmir, pislə pisin birləşməsindən heç nə əmələ gəlməyəcək. Vəziyyətin uzatmaqda məqsəd sabitlik yaratmaq görüntüsü yaratmaqdır. Halbuki, bankların durumu ağırdır və xeyli bank da bağlanmalıdır. Sadəcə, hakimiyyətdaxili tərəflərin öz məqsədi var. Burda bir məqam var, iyundan etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının nizmanaməsinə dəyişiklik edilib, bu, lisenziyanın verilməsi və ləğvi məsələsinin prezidentlə razılaşdırılmasıdır. Əgər bu barədə qərarları özləri qəbul etməliydilərsə, indi artıq prezidentdən razılıq almalıdırlar. Hətta ehtimal edirəm ki, bu məsələlər ölkə başçısına başqa xətlə çatıb, bankların ölümcül durumda olması. Bu baxımdan bank sistemində müəyyənliyin yaranması üçün belə bankların bağlanmasını müsbət qiymətləndirirəm. Amma prosesi ləngitmədən aparmaq lazımdır”.

Əkrəm Həsənov güman edir ki, korrupsiya, tanışlıq, məmur təsiri pis bankların bağlanması prosesinin sürətlənməsini ləngidir:

“Məsələ ondadır ki, qərar verən məmurların əksəriyyətinin qohumları həmin banklarda çalışır, yaxud kreditləri, əmanətləri olduğundan proses uzanır. Əslində, “DəmirBank”ın bağlanması ölkədə bank sisteminin sağlamlaşması illüziyasına son qoydu. Maliyyə Bazarlarına Nəzarət Palatanın və Mərkəzi Bankın bu istiqamətdə heç bir strategiyası yoxdur. Ən təhlükəli vəziyyətdə bu gün banklar, onların sahibləri, fiziki şəxs olan əmanətçilər yox, sahibkarlardır, şirkətlərdir. Ki, onların həmin pis vəziyyətdə olan banklarda pulları qalıb və bu vəsaitlər batır. Bank bağlanır, ardınca Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri qaytarır, sonra bankın əmlakını, kreditini toplayıb özünə götürür. Sahibkarların və şirkətlərin isə pulları batır. İndiki vəziyyət sahibkarlarla şirkətlərin iri banklara üz tutmasıyla nəticələnəcək və pis bankların durumu daha da pisləşəcək”.

İqtisadçı Qadir İbrahimli öz “Facebook” səhifəsində yazır ki, əslində bank sektorunun inhisarlaşması gedir:

Qadir İbrahimli

“Bazardan çıxarılan banklar heç də pis idarəçiliyin qurbanı olmayıb. Məsələn, “Texnikabank”-ın lisenziyasının ləğvində tam başqa amillər olub – bankda iri iş adanlarının və məmurların milyonlarla ölçülən depozitləri olub – üst-üstə təxminən 500 milyon manatlıq, Bankı bağlayıb, o pulları məqsədli şəkildə batırıblar”.

İqtisadçı Rövşən Ağayev isə yazır ki, lisenziyası əlindən alınan “Dəmirbank” 2017-ci il 3-cü rübün yekunlarına əsasən aktivlərinin həcminə görə 31 bank arasında 15-ci, kredit portfelinə görə 12-ci, depozit portfelinə görə 20-ci yerdə qərarlaşıbmış.

“9 ayın yekunlarına görə, bankın fəalliyyətində 20 milyon manatdan artıq zərər yaranıb, balans kapitalı minimum normativdən təxminən 2 dəfə az olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün 53 milyon manata yaxın ehtiyat yaradılıb ki, bu bankın hazırkı öhdəliklərinin 10%-dən bir az çoxdur.

Bu bankın fəaliyyətinə göz atanda maraqlı faktlar diqqətimi çəkdi. Təqdim etdiyi məlumatlardan aydın olur ki, “Dəmirbank” ölkənin ən uzunömürlü banklarından biridir – yaranma tarixi 6 oktyabr 1989-cu il, lisenziya alma tarixi 23 noyabr 1992-ci il göstərilir.

Rəqəmlərdən görsənir ki, devalvasiyaya qədər bank xeyli güclənibmiş. 2010-2015-ci illərdə bankın aktivlərinin həcmi 73% artaraq 589 milyona çatsa da, son 2 ildə 30%-ə yaxın azalmaqla 429 milyon manata enib.

Rövşən Ağayev

Böyük neft pulları dövründə – bankın aktivlərinin qısa müddətdə az qala 2 dəfə genişləndiyi dövrdə bank əsasən istehlak kreditləşməsinə üstünlük verib. 2015-ci ilin yekunlarına görə, bankın 428 milyon manatlıq kredit portfelinin 63.3%-ni (270 milyon manat) istehlak kreditləri təşkil edib.

Azərbaycan bankları ölkədə rəqabətli bank sektorunun, bank sektorunu ayaqda saxlayan rəqabətli və inkişafda olan real sektorun, bir də peşəkar bank menecmentinin yoxluğunun qurbanlarıdırlar.

Ayaqda olan, inkişaf görüntüsü yaradan 1-2 bank isə məhz dövlət resurslarının, bu bankların arxasında duran iqtisadi qrupların iqtisadiyyatda resurlar üzərində sahib olduqları hökmran gücün hesabına ayaqdadırlar”.

Ana səhifəXəbərlər”DəmirBank”-ın lisenziyası ləğv edildi