Elmira Axundova: “Cəzalar sərtləşməli, vəzifəli şəxslər üçün cinayət məsuliyyəti müəyyənləşməlidir”
“Staistikaya görə, artıq bu il dəm qazından dünyasını dəyişənlərin sayı kifayət qədər çoxdur. Əgər günahın 50 faizi sadə vətəndaşların üzərindədirsə, qalan faizi “Azəriqaz”ın üzərindədir”.
Bunu deputat Elmira Axundova Milli Məclisin iclasında deyib. O, dəm qazı səbəbindən baş verən faciələrə “Azəriqaz”ın günahı olduğuna diqqət çəkərək deyib:
“Gündüz saatlarında qaz zəifləyir, gecə isə 3-4 dəfə artır. Yaxud soyuq havada qazın təzyiqi vaxtaşırı artır, yaxud azalır, bu da faciələrə səbəb olur”.
E.Axundova təklif edib ki, hər bir evdə avtomatik işə düşən təhlükəsizlik sistemi quraşdırılmalıdır:
“Yeni tikilən evlərdə sayğacla yanaşı, təhlükəsizlik sistemləri də yerləşdirilməlidir. Köhnə evlərdə də həmin sistemlərin quraşdırılması məcburi olmalıdır”.
Deputat əlavə edib ki, həmçinin müvafiq qurumlar bütün evlərdə kütləvi yoxlamalara başlamalı, tüstü bacaların təmizlənməsinə və digər təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməlidir:
““Azəriqaz”ın işçiləri vətəndaşlarla humanist davranırlar, onlara problemlərin aradan qaldırılmasını təklif edirlər ki, gələn dəfə problem həllini tapsın. Amma gələn dəfə çox gec olur və vətəndaşlar növbəti bədbəxt hadisələrin qurbanı olurlar”.
Deputat bu məsələlərlə bağlı qanunvericiliyə dəyişikliklər edilməsini də təklif edib.
““Qaz təchizatı haqqında” Qanunun və İnzibati Xətalar Məcəlləsinin bəzi bəndlərində həmin məsələ ilə bağlı konkretliyi təmin etmək və cəzaları bir az da sərtləşdirmək üçün əlavə dəyişikliyə ehtiyac var. Bu qanunda qaydaların pozulmasına görə sadəcə vətəndaşların məsuliyyətindən bəhs edilir. Fikrimcə, buraya “Yoxlama və nəzarəti həyata keçirən orqanın məsuliyyəti” adlı yeni maddə də əlavə edilməlidir. Nəzarət edən vəzifəli şəxslərin cərimə məbləği artırılmalıdır. Nəzarətsizlik şəraitində ağır bədbəxt hadisə, kütləvi insan tələfatı baş verərsə, bununla bağlı Cinayət Məcəlləsində də məsuliyyət nəzərdə tutulmalıdır,” – deputat bildirib.