Dəlmə-deşik büdcəmiz və “üzə” bilməyən manatımız

Ölkədən idxal üçün çıxan valyuta mütləq olacaq, bunun qarşısını inzibati yollarla almağa çalışmaq mümkünsüzdür, əks effekt verəcək

Source:


Ölkədən idxal üçün çıxan valyuta mütləq olacaq, bunun qarşısını inzibati yollarla almağa çalışmaq mümkünsüzdür, əks effekt verəcək


Azərbaycan fəlakətli böhranın tam ortasına sürətlə irəliləyir, ölkə olaraq gəlirlərimiz kəskin düşür, valyuta çatışmazlığı ilə üzləşmişik. Hökumət də bir-birinə zidd, bir-birini təkzib edən addımlar atır, bu isə o deməkdir ki, hökumətin hesab-kitabı, plan-proqramı yoxdur.

Son günlər büdcəyə yenidən baxılması məsələsi gündəmə gəlib. Artıq təsdiq olunmuş 2016-cı il dövlət büdcəsində neftin baza qiyməti 50 dollar götürülmüşdü, təklif olunub ki, düzəlişlər edilsin və neftin baza qiyməti 30 dollara qədər endirilsin. Əslində, 2016-cı ilin neft qiymətlərinin aşağı olacağını indidən proqnozlaşdırmaq olar və əgər belə bir qərar veriləcəksə, texniki olaraq doğrudur. Amma sual yaranır ki, büdcə 1 ay öncə qəbul edilib, o zaman müzakirələr olsaydı, geniş fikir mübadiləsi aparılsaydı, heç olmasa parlamentdə belə ciddi araşdırma olsaydı, elə o zaman büdcədə neftin qiymətini 30 dollar götürərdilər. İndi büdcə dəyişikliyi olsa, bütün parametrlərə yenidən baxılacaq, ciddi xərc azalması gündəmə gələcək. Azərbaycanın bir borudan asılı olan primitiv iqtisadi modelində illərdir ki, büdcə xərcləmələri multiplikativ effekt yaradırdı, yəni dayanıqlı olmasa da, iş yerlərinin, iqtisadi aktivliyin artmasına xidmət edirdi. Artıq təsdiq olunmuş büdcədə belə 2015-ci ilə nisbətən 4 mlrd. manata yaxın azalma var, bunun özü onminlərlə iş yerinin itirilməsi deməkdir, növbəti kəsintilər iş yerlərinin bağlanması və iqtisadi aktivliyin azalması sürətini artıracaq. Bundan əlavə, tək dövlət büdcəsi deyil, Neft Fondunun büdcəsi də yenidən yazılmalı və təsdiq edilməlidir. Neft Fondunun 2016-cı il üçün təsdiq olunmuş büdcəsi belədir:

Neft Fondunun 2016-ci il üçün nəzərdə tutulmuş gəlirləri:

Xatırladım ki, Neft Fondunun gəlirlərinin hesablanmasında neftin baza qiyməti 50 dollar götürülüb və büdcə 2-ci devalvasiyadan sonra olan rəsmi məzənnə ilə, yəni, 1 dolların 1,55 manata bərabər olması varsayımı ilə hesablanıb.

Büdcədən aydın görünür ki, xam neftdən gələn gəlir, 6,09 mlrd. manat, 3,92 mlrd. dollar kimi hesablanıb. Əgər neftin baza qiyməti 30 dollar götürülsə, xam neftdən gələn gəlir 40 faizə yaxın azalacaq, yəni, 2,1 mlrd. dollara yaxın olacaq. Neft Fondunun büdcə qarşınında öhdəliyi bu günə 6 mlrd. manat, 1,55 məzənnə ilə 3,87 mlrd. dollar təşkil edir. Neft Fondunun cədvəldən də göründüyü kimi, büdcədənkənar da xərcləri var, bunun üçün əlavə 2,18 mlrd. manat vəsait xərcləməlidir.

Əgər büdcədə neftin baza qiyməti 30 dollar götürülsə və məzənnə dəyişməsə, bu il Neft Fondu 5,27 mlrd. dollar vəsait xərcləməlidir ki, bu da qazandığından 3,09 mlrd. dollar çoxdur. Amma həm maliyyə naziri, həm Neft Fondunun rəhbəri dəfələrlə bəyan ediblər ki, Fondun ehtiyatlarını qorumağa çalışacaqlar, bu məntiqi nəzərə alsaq, Fond büdcə qarşısında olan öhdəlikləri yerinə yetirmək üçün əlində olan vəsaiti manatın daha ucuz məzənnəsi ilə dəyişib, büdcəyə və büdcədənkənar xərclərinə yönəltməlidir. Yəni, Neft Fondunun vəsaitlərinə qənaət etmək üçün məzənnə dəyişikliyi şərtdir, hətta bütün qazancını tək büdcəyə yönəltsə belə, 30 dollarlıq qiymətlə məzənnə, azı 40 faiz daha ucuzlaşmalıdır. Yəni, manatın məzənnəsi növbəti dəfə 2,20-2,25 həddinə qədər ucuzlaşmalıdır ki, Neft Fondunun yükü azalsın.

Dəfələrlə qeyd etdiyimiz kimi, bizim ölkədə manatın “üzməsi” üçün heç bir şərait, iqtisadi və siyasi institutlar yoxdur, yaradılmayıb, ya da formallıq olub, ölkə də dünyaya neftdən başqa heç nə sata bilmir. Istehsal edə bilmir, idxaldan asılılıq isə bir çox sahədə, məsələn, dərman, gigiyena məhsulları, uşaq yeməkləri, geyim, məişət texnikası, avtomobil, ehtiyat hissələri 100 faizə yaxındır, ərzaqda isə bu rəqəm 70 faiz civarındadır. Çünki Azərbaycanda yerli istehsal kimi təqdim edilən ərzaq məhsullarının xammalı xaricdən gətirilir. Ona görə də, ölkədən idxal üçün çıxan valyuta mütləq olacaq, bunun qarşısını inzibati yollarla almağa çalışmaq mümkünsüzdür, əks effekt verəcək, nəticə olaraq mal-məhsul qıtlığına, qiymətlərin daha da bahalaşmasına səbəb olacaq. Təəssüf ki, sovet modelindən başqa heç nə görməyən, anlamayan qocalar evini xatırladan hökumətimiz və təyin olunmuş parlamentimiz belə bəsit iqtisadi təməl məsələləri anlamaq iqtidarında deyil. Bu isə ölkədə böhranı daha da dərinləşdirir, böhranın təsirlərini xalqımız üçün daha da ağrılı və dözülməz edir…

Ana səhifəXəbərlərDəlmə-deşik büdcəmiz və “üzə” bilməyən manatımız