Rahil Şirinov: "Noyabrın 30-da bizə dedilər ki, mağazalarımız bağlanır, sabahdan işə gəlməyin"
“Ötən il noyabrın 30-da bizə dedilər ki, mağazalarımız bağlanır, sabahdan işə gəlməyin. Növbəti gün əməkhaqqı üçün yaxınlaşanda bildirdilər ki, pulunuzu sonra verəcəyik. Üzərindən üç ay keçməsinə baxmayaraq, hələ də maaşımızı ala bilməmişik”.
Rahil Şirinov səkkiz ildir “Delloro Mebel” mağazaları şəbəkəsində usta işləyir. Bildirir ki, ötən il rəhbərlik onlara gözlənilmədən iş yerinin bağlanması xəbərini verib. Bunu pandemiya ilə əlaqələndiriblər.
"Səkkiz nəfərə ümumilikdə 5500 manat pul ödənilməlidir"
Şikayətçi Meydan TV-yə bildirib ki, onunla birgə səkkiz nəfər işçinin əməkhaqqı verilməyib. Səkkiz nəfərə ümumilikdə 5500 manat pul ödənilməlidir: “2013-cü ildən burada işləyirdim. Əmək müqaviləsinə əsasən, maaşın bir hissəsi karta köçürülürdü. Qalan əməkhaqqım isə gördüyüm işə görə müəyyən olunurdu. 2019-cu ildən etibarən əməkhaqqımız 168-dən 250 manata qalxdı. Yəni bu, karta köçürülən məbləğ idi. Gördüyüm işə görə pul isə paketdə təqdim olunurdu. Mən noyabr ayı üçün 820 manat pul işləmişəm. Mişarçıya 500, sürücü ilə fəhləyə hərəsinə 350 borcludurlar”.
Zərərçəkənin sözlərinə görə, iş yerinin bağlanması ilə bağlı onlara öncədən xəbərdarlıq olunmayıb: “Noyabrın 30-da dedilər ki, dekabrın 1-dən iş bağlanır. Növbəti gün işə gələndə, baxdıq ki, sexdəki dəzgahlar yoxdur, hamısını yığışdırıblar. Bizə dedilər ki, noyabr ayına olan əməkhaqqınız sonra veriləcək. Düz iki ay bizi aldatdılar. Etiraz etməyə başlayanda, müdir Rizvan Şeyxzamanov dedi ki, mən sizə qanunla olan əməkhaqqınızı vermişəm. Kartda olan əməkhaqqını deyirdi. Paketlə olan maaşa gəlincə, gedin, kimə istəyirsiniz, şikayət edin. Ona deyirəm ki, məndə səs yazın var. Sən bizə borclu olduğunu danmırsan. Deyir ki, belədir, amma pul vermirəm”.
"İzahat yazdıq, amma Rizvan Şeyxzamanov bölməyə gəlmədi"
Şikayətçilər məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə yazılı müraciət ediblər.
Rahil Şirinov deyir ki, şikayətlərinə baxılmayıb: “İzahat yazdıq, hamımız qol çəkdik. Rizvan Şeyxzamanov isə əziyyət çəkib, bölməyə gəlmədi. Zəng etdik, dedi ki, qanuni baxımdan mən əməkhaqqını ödəmişəm. Sahə müvəkkili dedi ki, sizi həmin adamla üzləşdirəcəyəm. Lakin sonradan heç nə olmadı. Mən müvəkkilə zəng etdim ki, bizim işimiz nə oldu? O, da cavabında bildirdi ki, Rizvan Şeyxzamanov deyir ki, mən əməkhaqqını ödəmişəm. Vəssalam, bununla da söhbət bağlandı”.
“Delloro Mebel” fabrikinin müdiri: "Onlar ustadır deyə qanunu bilmirlər"
“Delloro Mebel” fabrikinin müdiri Rizvan Şeyxzamanov Meydan TV-yə bildirib ki, işçilərə əməkhaqqı tam ödənilib. Ola bilsin, arada anlaşılmazlıq olub: “Onların narazılığının səbəbini anlaya bilmirəm. Biz qanunla işləyən adamlarıq. Əlimizdə sənədlərimiz var. Buna görə də dövlətə vergi ödəyirik. İşçilərin hamısının maaşı kartlarına köçürülüb. Onlara verilən pullar da yüksək məbləğdə olub. Rəqəmlər 1107, 1200, 1000 manat arasında dəyişib. Pandemiyaya görə tək biz deyil, bir çox sexlər fəaliyyətini dayandırıb. Sifarişlərimiz olmadığı üçün bağlanmışıq. İşi aparan müstəntiq mənə müraciət etdi, bütün sənədləri təqdim etdik. Sənədlərdə göstərilir ki, işçilərin hamısının maaşı ödənilib. Onlar ustalardır, hamısı qanunu bilmir. Amma biz işimizi qanun çərçivəsində qururuq. Ötən ilin avqusutunda işçilərə xəbərdarlıq etmişdik ki, sifarişlər olmasa, ilin sonunda firmanın bütün filialları bağlanacaq. Onu da deyim ki, işçilərə karantin vaxtı da maaş verirdik”.
Polis: "Belə bir nəticəyə gəldim ki, şikayətçinin müraciəti həqiqəti əks etdirmir"
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə müvəkkili Elsun Cəfərov Meydan TV-nin əməkdaşı ilə söhbəti zamanı müraciətin bir ay öncə edildiyini deyib.
O bildirib ki, daxil olmuş müraciətə əsasən, qarşı tərəfdən izahat və sənədlər alınıb: “Rizvan Şeyxzamanov Bakıda olmadığı üçün işçilərin əməkhaqları ilə bağlı bütün sənədləri “WhatsApp” vasitəsilə təqdim etdi. Sənədlərdə həmin şəxslərin əməkhaqqı alması əks olunurdu. Mən də öz növbəmdə Rizvan Şeyxzamanovun yolladığı sənədləri şikayətçi Rahil Şirinova göndərdim. Rahil Şirinov ismarışımı oxudu. Lakin mənə cavab vermədi və heç bir hərəkət olmadı. Ərizəçi səssiz qaldığına görə mən də belə bir nəticəyə gəldim ki, şikayətçinin müraciəti həqiqəti əks etdirmir. Həmin adam mənə deyə bilərdi ki, sənəddə göstərilən rəsmi maaşdan əlavə bizə paketdə min manat verilir. Mənə bu haqda məlumat verilməyib. Mən də 15 iş günü müddətində işə baxıb, nəticələri və görülmüş tədbirlər üzrə müvafiq arayış tərtib edərək işə xitam vermişəm”.
Rahil Şirinov: "Sahə müvəkkili Elsun Cəfərovun söylədikləri doğru deyil"
Şikayətçi Rahil Şirinov isə Meydan TV-yə bildirib ki, sahə müvəkkili Elsun Cəfərovun dedikləri doğru deyil: “Rizvan Şeyxzamanovun təqdim etdiyi sənəddə ümumi məbləğ əks olunub. Mən yeddi ildir işləyirəm, məzuniyyətə bir dəfə çıxmışam. Məzuniyyət pulları qalıb. Qanuni baxımdan bu xırdalıqların heç birinə getmirəm. Əziyyətlə işlədiyim 820 manatımı versinlər. Elsun Cəfərovun açıqlamasına gəlincə, demişdi ki, mən polisəm, başqa heç nə edə bilmərəm. Sahə müvəkkili bununla məsuliyyəti boynundan atır”.
Sahib Məmmədov: " Məhkəmədə sübut etməlisən ki, burada “qara mühasibatlıq” olub"
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Meydan TV-yə deyir ki, zərəçəkənlər – işçilər vaxtilə işəgötürənlə qanunsuz, gizli sövdələşməyə gedib: “Qeyri-qanuni əməkhaqqı almağa razılıq veriblər. Əməkhaqlarını almaq üçün mütləq ortaya faktlar qoyulmalıdır. Paketi alanda harasa qol çəkibsə, nişanəsi varsa, sübut etməlidir. Əllərində fakt varsa, məhkəməyə müraciət edə bilərlər. Sübut olmayanda, məhkəməyə iddia hazırlamaq düzgün deyil. Məhkəmədə sübut etməlisən ki, burada “qara mühasibatlıq” olub. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsinlər. Müfəttişlik məsələni yerində araşdıracaq”.