Dəlilik sindromu

Çiçəklənən-böcəklənən ölkəmiz…

Source:

Son vaxtlar gecələr yuxudan qəfil oyanmaq şakərimdir. Nə məsələdirsə ayıldıqdansonra səhərəcən yata bilmirəm. Adətən çöldə hava xoş olanda, sakitcə keçirəm eyvana ki, sönmüş şəhərin nəfəsini dinləyim.

Bu dəfə də belə oldu. Gəl ki, nəfəs əvəzinə sısqa inilti eşitdim. Sanki Bakı zarıldayırdı. Gərək ki, bu səs şəhərin kifli zirzəmilərindən gəlirdi. Başı batmış Bakının üfünətli, nəm, siçovulla bol podvallarından. Bir anlığa düşündüm ki, bəlkə o inilti, gecələr zirzəmilərdə işgəncə alan insanların zarıltısıdır? Yox, yox, əsla ola bilməz. Bu mümkün deyil. Mən nə sayıqlıyıram?

Əlbət, dəli olmuşam, ya da dəli olmaq üzrəyəm.

Bu arada gecələr gördüyüm rəngli yuxular da məni yaman narahat edirdi. İnternetdə oxumuşam ki, sən demə rəngli yuxuları potensiyal şizofreniklər görür. Mən isə təkrar-təkrar eyni yuxunu görürəm. Görürəm ki, Bakının ala-toran, yetim, qəmli, islanmış küçələrini dolaşıram. Ətrafım dağıntı, uçuntu, töküntüdür. Hər tərəfdə iri, ağ tozlu daşlar, kubik parçaları var. Elə bil daş karxanasına gəlmişəm. Lakin yaxınlaşıb baxıram ki, bu adi daşlar deyil, balaca heykəlciklərdir. Sınmış bütlər ətrafa səpələnib.

Sonra görürəm, dənizdən, lap elə Xəzərin ləpə döyən yerindən bir neçə insan mənə baxır. Həmin adamlar fəqli paltarlar geyiniblər. Bəzilərinin əynində iş kombinezonu, başlarında mazuta bulaşmış dəbilqələr, əllərində çirkli əlcəklər var. Onların yanında sıx, çiyin-çiyinə əsgərlər durub. Hərbi geyimlərinin üzərində qan izləri bilinir. Böyüklərin əllərindən isə körpə balalar tutub. Səssizcə, yanmış qaşları, tüstü qoxan saçları, hisdən qaralmış yanaqları və vahimə dolu gözləri ilə mənə baxırlar. Mən isə şah damarım şişib partlamaq həddinə çatınca çığırıram. Qışqırıram. Deyirəm ki, mən dəli olmuşam, dəli. Bu şəhər də mən və siz tək dəlidir.

Dəlilik və köləlik. Bu iki söz deyilişdə ahəng yaratsa da, mənaca çox fərqlidirlər. Amma onları birləşdirən bir ünsür var.

Dəlilər dəli, kölələr isə qul olduqlarını heç cür qəbul etmirlər. Bununla razılaşmırlar. Hər vəchlə inkar edirlər.

Yazının başlığında yuxumu bekara yazmadım. Bu ölkədə kölə olmaya bilərsən, amma ətrafda baş verənləri izlədikcə müəyyən vaxtdan sonra dəli olmağa məhkum olacaqsan.

Vuruşub, dalaşıb, savaşıb köləlik xaltasın boynundan qırıb tullasan da, ağ rəngli dəli gödəkcəsin geyməkdən qaça bilməyəcəksən. Sözsüz ki, söhbət düşünən vətəndaşdan gedir.

Atalarımız demişkən, vur özünü gicliyə, ol dəli, sənin dərdini çəksinlər. Dəlilərə çox yerdə, bəzi söhbətlərdə babat “ustupka” edirlər. Bir sözlə, düşünən, az-çox dünya görmüş insan bu ölkədə zaman ötdükcə dəli olacaqsa, elə qoy əvvəldən özün dəliliyə öyrəşdirsin. Çünki,normal beyin anormal hallarla qarşılaşarkən, informasiya bolluğundan pozula bilər.

Məsələn, bir xarici tanıyırdım. Şotland əsilli idi. Uzun müddət bizim diyarda neft-qaz sahəsində işləyib, yaşayıb, yaratmışdır. Təqaüdə çıxıb vətəninə qayıtdıqdan bircə ay sonra şəxsi villasında özünü asır. Bu da başa düşüləndir. Ölkəmizin abu-havasına öyrəncəli adam, Böyük Britaniyanın geydirmə qayda-qanunlarına uyğunlaşa bilmir, beyin pozulur, davamlı depresiyyanın sonluğu isə intiharla sonunclanır.

Dəliliyin bir üstün cəhəti də odur ki, istədiyiniz adama, ürəyinizdən keçəni deyəcəksiz. Sizdən heç kim inciməyəcək.

Hər gün yan-yörəmdə dəlilərin sayı durmadan artır. Deyəsən onların təsirindən məndə artıq dəli olub, rəngli yuxular görürəm.

Bu məmləkətdə durmadan, yorulmadan, usanmadan, illərlə, təmənnasız özünü odun-alovun içinə atıb söz azadlığı, insan hüquqlarını müdafiyə edənlər, demokratiya, aramsız olaraq bərabər hüquqlu cəmiyyət tələb edənlər dəli deyillər bəs nədilər?

Avropa Futbol Çempionatı, Qalaktikalar arası veloyürüş, ilk və sonuncu Olimpiyada, F1 cırışması, dünyaca məşhur olan-olmayan müğənnilər, Lələ-Təpə yüksəkliyi, uca və işıqlı binalar, “Torqovı” küçəsi, yeni və köhnə neft lahiyələri, asfaltlı yollar, kababxanalar, şən və məzəli klounlar, kondisionerli avtobuslar, təzə iş yerləri, regionların inkşafı, hər gün toy, bayram, şənlik, müftə konsertlər, ipotekaya kreditlər. Tay sizin üçün nə etməlidirlər? Bunları görüb deyinənlər ancaq dəlilərdir.

Deyirlər ki, gəncliyi boğmasınlar, işgəncə verməsinlər. Bir pəncərənizi açın diqqətlə bayıra baxın, çölə çıxın, “kalendar”da iyirmi birinci əsrdir. Stalinin, Beriyanın, Yejovun, NKVD-nin vaxtında yaşayırıq bəyəm? Bu məmləkətdə heç kəsə işgəncə, əzab verilmir. Onlar dəlidir, özlərinə xəsarət yetirib, əl-ayağın dişləyib, üst-başların, paltarların cırıb, dəlilik edirlər. İnanmırsız, özünüz bilərsiniz. Amma bu ölkə yiyəsiz deyil. Heç olmasa, Ombudsmana inanın. O ki, yalan demir.

Deyirlər ki, caniləri, quldurları, narkomanları azad edirlər. Savadlı, proqressiv gəncləri içəri, türməyə basırlar. Əşşi, bu cavan intellektualın evində 250.000 manat pul, 3-4 kq heroin, kokain, molotov kokteyli nə gəzir? Bunu sat özüvə maşın, ev, villa, babat paltar al da. Tay bu irilikdə investisiyanı evdə, yastığın altında nöş gizlədirsən?

Deyirlər ki, bina yandı, neft yatağı partladı, insan tələfatları oldu, amma günəhkarlar tapılmadı, cəzasız qaldı. Dəli olmusuz? Kim tapılmalı idi? Təbii fəlakət, tanrının işi idi, qismət, oldu getdi. Məmur, rəis, icra, nazir, direktor, naçalnik neynəsin?

Qəlbləri, aşkarı və gizlini bilən Allahdır. Sizlər nə bilirsiz onlar, rəislər, nazirlər, müavinlər nələr çəkiblər, nələr. Bəlkə gecələr gizlin bir yerə çəkilib, küncdə sakitcə hönkür-hönkür ağlayıblar?

Amma neynəsinlər, indi bir yanğına, təbii fəlakətə, tanrının işinə, yersiz qismətə görə, illər uzunu oturduqları kreslonu, gəlib-getdikləri o tozlu dəhlizləri, canların qoyduqları kabinetləri tərk etsinlər?Min əzabla, halal alın təri ilə, savadı, zəkası, biliyi, uzaq və yaxın görənliyi sayəsində, zəhmətkeşliyi sayəsində qazandığı vəzifəsindən istefa versin? İşdən boyun qaçırsın? Sükanı yarı yolda atıb, qaçsın? Vallah, siz dəli olubsuz! Hamınız dəlisiz.

Deyirlər ki, ölkədə iqtisadi böhrandır, banklar bağlanır, manat çökür, dollar qalxır, xarici borcumuz artır, üçüncü devalvasiya artıq sahildə görünür. And olsun uca tanrı Krişnaya, Nemizidaya, Afroditaya ki, sizlər dəlisiz.

Bəyəm gecələr şəhərdə şütüyən bahalı maşınları, alqı-satqı saytlarında miliyon dəyərində villaları, nəhayət kilosu 41 manata qızılı turpu görmürsüz?

Gedin geyinin, keçinin, çıxın “Torqovu”ya. Baxın, bər-bəzəkli insanlar, yeyib, içib, şənlənib şellənirlər. Ölkəmizin pulunu balta kəsməz. Yaşı yüz ili ötmüş, kif, toz basmış, çürümüş, sınıq-salxaq evləri söküb, tarixmizi yerlə-yeksan edib, bizlər üçün təzə-təzə evlər, savayı tarixlər tikirlər.

Bizim dövlət Avropada muzeyləri, binaları restavrasiya elətdirir, vətəndaşlarımız üçün İspaniyadan Mişlen ulduzu almış aşbazı restoranı ilə birlikdə bura köçürdür. Bu dövlət sizə bundan artıq neynəsin? Ciddi deyirəm, biz hamımız dəliyik.

O anti-milli qüvvələr, çiçəklənən-böcəklənən, parlaq-şaqraq dövlətimizi firavan, günəş tək doğan görmək istəmirlər. Qərbin fikir dağıdıcı zəhərini dadıb, mənim tək insanları dəli edirlər. Dəlilik sindromunu xalq arasında yayırlar.

Tarix bunu onlara bağışlamayacaq.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDəlilik sindromu