Dəlidən doğru xəbər

Avropa matəm saxlayır

Source:

Brüsseldəki terror hadisəsi hamını sarsıtdı. Avropa matəm saxlayır. Avropa terrorizmlə sərt mübarizə aparacağını qətiyyətlə bildirir.

Neynək, aparsın. Hərənin öz məşğuliyyəti var. Başdan məfrağ terrorçular dinc insanları partladır. Qərb hökumətləri terrorçularla sərt mübarizə aparır. Hamı məşğuldur.

Sizin fəqir bəndənizdən soruşanda deyirəm ki, ağıllı Qərb səbəbi qoyub, nəticəylə sərt mübarizə aparır. Loru dillə desək, “eşşəyi qoyub, palanı döyəcləyir”.

Ağılsız terrorçular da səbəbi görməyib, nəticəyə görə özlərini partladırlar. Burunlarının ucunda olan, loru dillə desək, “eşşək boyda səbəbi görməyib, milçək boyda nəticəylə” vuruşurlar. Hamının başı vacib işlərə qarışıb.

Qərb kəşfiyyatçıları hər bir müsəlmanı zərrəbinlə öyrənirlər. Mənşəyi, təhsili, uşaqlıq dostları, yatıb-durduğu adamlar, kimə nə deyib, kimə nə yazıb. Müsəlmanların sayı milyonlarladır, hamısının telefonu və bank hesabları nəzarətdədir. Kəşfiyyatçılar gecə-gündüz rahatlıq bilmirlər, elə hey izləyirlər və pusurlar. Əksər terror həvəskarlarını zərərsizləşdirə bilirlər. Amma hərdən bəziləri yayınıb-sivişib özlərini partlada bilir. Nə etməli, işləyənin səhvi də olar…

Terrorçular da dinclik-rahatlıq bilmirlər. Gərgin işləyirlər. Bəs necə? Elə bilirsiniz, qüdrətli Qərb kəşfiyyatının torundan yayınıb Avropanın əsas şəhərlərində özünlə bərabər xeyli dinc insanı qətlə yetirmək asan işdir? Bunun üçün nə qədər hiylə, tədbir və fənd gərəkdir. Yuxusuz gecələr, gizli müşavirələr, ətək-ətək xərc… Hər adamın hünəri deyil. Ancaq xüsusi hazırlığı və qabiliyyəti olan adamlar bunu bacarar. Əvəzində də birbaşa cənnətə biznes-klass bilet. Hurilər növbəyə düzülüb səbrsizliklə gözləyirlər. Belə parlaq gələcəyə görə şirin candan keçməyə dəyər.

Keçirlər də…

Hər böyük terror hadisəsindən sonra başbilənlər təntənə ilə külli-aləmə car çəkirlər ki, “bundan sonra əvvəlkitək olmayacaq. Bundan sonra hər şey dəyişəcək”.

Ay-hay dəyişdi. Köhnə hamam, köhnə tas. Qərbin köhnə siyasəti, çarəsiz terrorçuların ənənəvi üsulları. Qozbeli qəbir düzəldər.

Hətta bu misal da sual doğurur: qəbir bunları düzəldə bilərmi?

Terrorun səbəbi nədir? Nə üçün cavan-cavan adamlar şirin canından keçib özlərini partlatmaq naminə bu qədər əziyyər çəkirlər? Narazıdırlar? Avropa bizə öyrədir ki, narazı adam gərək məhkəməyə müraciət etsin. Bəli, məhkəmə!

Fəqət, terrorçular məhkəmə sözünü eşitcək başlayırlar əsəbi gülməyə. Niyə? Onlar deyirlər ki, şikayət etdikləri məsələlərə baxan Qərb məhkəmələri Azərbaycan məhkəmələrinin tayıdır. Yəni onlar ədalət üçün deyil, sifarişli zülm üçün qurulub.

Məsələn, dünyada Ən Böyük məhkəmə olan Birləşmiş Millətlər Təşkilatına şikayət edirlər ki, İsrail dövləti Fələstin müsəlmanlarının torpağını zorla qəsb edir. BMT nə edir? Barmağı ilə İsraili hədələyib deyir ki, “Ay-ay-ay, heç yaxşı iş görmürsən ha, insaf yaxşı şeydir, bəsdir bu məzlum fələstinliləri incitdin, haqlarını pozdun, torpaqlarını qəsb etdin”. İsrail də cavabında, bizim lotu dili ilə desək, deyir ki, “Get hoppanmağının dalıyca, əcəb edirəm!”

Buna cavab olaraq ağıllı Qərb imkanında olan bütün siyasi, iqtisadi, informasiya və diplomatiya dəstəyini qoyur işğalçı İsrailin xidmətində.

Bax, beləcə bir il, iki il, on il, iyirmi il, əlli il… Bir fanatikin ağlı çaşır, şəhid kəmərini bağlayır belinə, yollanır Avropanın gözəl şəhərlərinin metro və vağzallarına, başlayır günahsız dinc insanları partlatmağa. Niyə? Çünki ona məsləhət görülən məhkəmədən əlini üzüb, çarəsi qalıb özünü partlatmağa…

Nə etmək olar? Heç nə. Heç kim heç nə edə bilməz. Bəşəriyyət bu tilsimli “antiterror” dairəsinə düşüb fırlanır. Dünyada yürüdülən real siyasət üçün bu “antiterror”dan faydalı şey ola bilməz. Bu “antiterror” ağıllı Qərb üçün göydən Yerə düşmüş ən böyük hədiyyədir. Bütün bihesablıqlarının üstünü bu “antiterror” siyasəti ilə örtür.

Orta əsrlərdən qopub müasir zəmanəyə düşmüş oğru müstəbidlərlə iş birliyi nəyin naminədir? Ay sağ ol, “antiterror” naminə… Beynəlxalq qanunlara tüpürüb müstəqil dövlətlərin ərazisinə niyə silahlı qoşun yeridirsən? Əlbəttə ki, müqəddəs “antiterror” naminə…

Nə ağıllı Qərbdə, nə də ağılsız Şərqdə bu tilsimli dairədən çıxmaq üçün tələb olunan ağıl və hünər var. Qərb özünün incitdiyi, bədəlini müsəlmanların hesabına ödədiyi yəhudilərə beynəlxalq hüququn həddini və gücünü göstərməyə özündə təpər tapa bilmir. Əvəzində ucu-bucağı görünməyən “antiterror əməliyyatı” aparır.

Şərq də heç nə edəmməz. Etsəydi, ağılsız Şərq olmazdı.

Nə edə bilərdi?Börkünü qabağına qoyub fikirləşə bilərdi ki, “Biz niyə bu günə düşdük? Bizi niyə əzirlər, təpikləyirlər, minirlər, talayırlar?” Bu sualı versəydi, kənardan sizin fəqir bəndənizin (və eynilə düşünən on minlərlə bəndənin) səsi eşidilərdi: “Çünki siz öz örüşünüzü çəpərləməməsiniz. Siz zəifsiniz. Milli mənafe deyilən örüşü çəpərləmək üçün qüdrətli dövlət, güclü sənaye və elm, bunun üçün mükəmməl təhsil və xalqın ən yaxşı övladını irəli çəkən mütərəqqi demokratik quruluş olmalıdır.

Siz isə bunun əvəzinə tamahkar və başıboş müstəbidlərə meydan açıb elm əvəzinə cəhaləti, təhsil əvəzinə mövhumatı, elm əvəzinə guya ilahiyyatı, istehsal əvəsinə istehlakı çiçəkləndirirsiniz. Nəticədə öz milli mənafeyini qoruya bilməyən zəif müsəlman dövlətləri və əhalisi dünya miqyasında zülm və təhqir ilə üzləşməli olur. Müsəlmanlar da çarəsizlikdən gedib şəhid kəməri bağlayır.”

İnsafən, nə ağıllı Qərb, nə də ağılsız Şərq dəlidən bu doğru xəbəri eşitmək istəmir. Əvəzində Şərq “cihad”, Qərb “antiterror” ilə məşğul olur.

Daha doğrusu, “məşğulat” edir.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəDəlidən doğru xəbər