Azadlıq prospekti 80 ünvanında yaşayış ola-ola söküntü gedir. Fədək MMC Nazirlər Kabinetinin 86 saylı qərarına istinad edərək, binanı qəzalı vəziyyətdə olduğuna görə sökür. 86 saylı qərara görə şəhərin bir sıra yerlərində istismar müddəti başa çatmış, qəzalı binalar sökülməli, yerində yeniləri inşa edilməlidir. 102 mənzildən ibarət olan binada 10 ailə şirkətin təklifləri ilə razılaşmır. Sakinlər Fədək MMC-nin təsisçisi olan Yavər Qurbanova 2009-cu ildə dələduzluq maddəsi ilə cinayət işi açılmasını əsas gətirərək, şirkətin vəd etdiklərini yerinə yetirəcəyinə inanmırlar.
Şirkət sakinlərə verdiyi müqavilədə göstərib ki, sökülən 4 mərtəbəli binanın yerində 16 mərtəbəli yaşayış binası tikiləcək və iki ildən sonra sakinlərə oradan təmirli mənzil verəcək. O vaxta qədər onlar mənzildəki otaqların sayına görə 250-450 manat arasında kirayə yerləşdiriləcəklər. Şirkət zəlzələ, yanğın və digər fors-major hallarda özünü məsuliyyətdən azad edir. Kompensasiya, ya da hazır sənədli ev tələb edən sakinlər Nəsimi rayon məhkəməsinə müraciət ediblər. Amma evlərində qaldıqları hər gün söküntünün səsinə oyanırlar.
“Fədək” MMC-nin ofisində nə şirkətin təsisçisi Yavər Qurbanovu, nə də direktor Qəşəm Hüseynovu tapa bildik.
Şirkətin direktoru Qəşəm Hüseynov telefon vasitəsilə deyir ki, tikintinin sifarişçisi Nəsimi rayon İcra Hakimiyyətidir. Bina 1929-cu ildə tikildiyi üçün Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətdə olması ilə bağlı rəy verib. Direktorun sözlərinə görə, yeni binanın tikintisini öz vəsaitləri, investorlar və kreditlər hesabına həyata keçirirlər. O, narazı qalan sakinlərin istəklərini yerinə yetirə bilməyəcəklərini bildirib.
Nəsimi rayon İcra Hakimiyyətindən zənglərimizə cavab verən olmadı.
Sakinlər düşünür ki, 10 manat nizamnamə kapitalı olan şirkət bu tikintini apara bilməz. Onlar şirkətin əsl sahibinin gəlib onlarla danışmasını istəyirlər.