İttihama görə, Alim İbrahimov özünü zərərçəkənlərə Natiq Əmirovun müşaviri, həmçinin Əli Əsədovun mühafizəçilərinin rəisi kimi təqdim edib
Noyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxslərin adından istifadə etməklə dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qismində Adil Həsənov ifadə verib. O, ifadəsində bildirib ki, tikinti biznesi ilə məşğul olur. Dostu vasitəsi ilə Tərlan Comərdovla tanış olduğunu deyən A.Həsənov ona 123 min manat zərər dəydiyini bildirib: “Ev tikərkən vergi ödənişləri ilə bağlı problemlər yarandı. Problemi həll etmək üçün tanış adam axtardıq. Şəriklərimizdən biri Tərlanı tapdı. Bu işi həll edəcəyini dedi. Təlanla görüşdük, danışdıq. Əvvəlcə şirinlik istədilər. Biz də razılaşdıq”.
Hakim isə zərərçəkmişdən vergidən yayınmaq istəməsinin səbəbini soruşub. A. Həsənov bildirib ki, vergidən yayınmaq yox, işlərini tezləşdirmək istəyib: “Qanundan başımız çıxmırdı. Bütün bu işləri qısa zamanda həll etmək istəyirdik. Mən şərikimə inanıb bu adamlara pul verdim”.
Zərərçəkmişin ifadəsi zamanı məlum olub ki, təqsirləndirilən Tərlan Comərdov A.Həsənovu aldatmaq üçün dostu Alim İbrahimovun köməyindən istifadə edib. Belə ki, T.Comərdov zərərçəkmiş şəxslərə Alim İbrahimovu vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun müşaviri kimi təqdim edib.
Məhkəmədə ifadə verən zərərçəkmiş A.Həsənov ifadəsində bildirib ki, 123 min pulun bir hissəsini Alim İbrahimova elə Vergilər Nazirliyinin qarşısında verib: “49 min manatını və 2 min avrosunu Alim İbrahimova Vergilər Nazirliyinin qarşısında vermişəm. Mən Alimi vergilər nazirinin 1-ci müavini Natiq Əmirovun müşaviri kimi tanımışam. Onunla görüşmək üçün Vergilər Nazirliyinə getdim. Mənə dedilər ki, nazirlikdə elə bir adam işləmir. Bir neçə dəqiqə sonra Alim İbrahimov zəng elədi. Bildirdi ki, nazirliyin qarşısında məni gözləyir. Çıxanda “BMW” markalı avtomobildə gördüm. Maşını sürücü idarə edirdi. Biz söhbətə başlayanda sürücü maşından düşdü. Pulu istəyəndə dedim ki, belə danışmamışıq. Ya akt, ya da hesab nömrəsi verməsini istədim. Dedi ki, aramızda olan adama etibarın yoxdurmu? Bu sözdən sonra razılaşdım”.
Təqsirləndirilən Alim İbrahimov isə zərərçəkmişin ifadəsini gülərək qarşılayıb. O, bildirib ki, A.Həsənovdan pul almayıb: “Mən kiməm ki, sürücüm olsun? Tərlanın da ondan pul almasından xəbərim yoxdur. İşi danışmışdıq, sonra alınmadı. İmkan olsa yazıçı Çingiz Abdullayevə bir xahişimi çatdırın. Çingiz Abdullayevə deyin, mənim məhkəməmdən bir kitab yazsın ”.
Məhkəmədə digər zərərçəkmiş Fikrət İbrahimov da ifadə verib. Hüquq-mühafizə orqanlarının sabiq əməkdaşı olan F.İbrahimov ifadəsində qeyd edib ki, qardaşı ilə şərikli qapı-pəncərə sexi işlədiblər. Bundan əlavə digər tikinti materiallarının da satışı ilə məşğul olublar. O, təqsirləndirilən şəxslərdən Alim İbrahimovu tanıdığını deyib.
Alim İbrahimov həmin şəxsə özünü prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini Əli Əsədovun mühafizəçilərinin rəisi olaraq təqdim edib. F.İbrahimov ifadəsində qeyd edib ki, Alim İbrahimov ondan aldığı armaturların pulunu verməyib: “Alim bir gün zəng elədi ki, 120 ton armatur lazımdır. Mən də hər tonunda 20 manat xeyir tutaraq ona verəcəyimi dedim. Alim dedi ki, pulu nağd şəkildə verəcək. Səhəri gün Alim maşınları sexə göndərdi. Malı yükləyəndən sonra dedi ki, pul yoxdur. Mənə zəng edəndə dedim ki, pul yoxdursa, boşaldın. 15 dəqiqə sonra Alim zəng elədi. Bildirdi ki, gör necə böyük adamla iş görmək istəyirsən, amma 120 ton armaturun söhbətini edirsən. Malın qiyməti də 94 min manat edirdi. Alim 94 minin söhbətini etməməyimi, pulu 1-2 günə verəcəyini dedi. Sonra Alim yoxa çıxdı. Dostum Bəhruza dedim. Bir neçə gün sonra Alimi tapdıq. Pulun bir hissəsini qaytardı. 28 min borcu qaldı”.
Fikrət İbrahimovun dediklərinə münasibət bildirən Alim İbrahimov gülərək onun ifadəsini təsdiqləyib. Bildirib ki, armaturları satıb pul qazanmaq istəyib.
Məhkəmə prosesi noyabrın 10-da davam edəcək.
Alim İbrahimov və Tərlan Comərdov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar.