150 min manatı mənimsəməkdə günahlandırılan Samir Nəsirov şərti cəza alıb
Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı Samir Nəsirova hökm oxunub.
Meydan TV-nin məlumatına görə, iclasa hakim Fikrət Qəribov sədrlik edib. Hökmə əsasən, S. Nəsirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, S.Nəsirov 150 min manatdan çox pulu dələduzluq yolu ilə mənimsəyib. Bir müddət öncə xidməti və icra intizamını, eləcə də Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini kobud şəkildə pozduğuna görə Bakı şəhər Prokurorluğunun idarə prokuroru Samir Nəsirov prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.