”Həqiqət müəlliməyə oğlunu 8 min manat qarşılığında FHN-ə işə düzəldəcəyimi dedim”
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində dələduqluqda təqsirləndirilən Xaçmaz rayon sakini Pərvanə Vəlimurad qızı Mütəllimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmədə iştirak edən Meydan TV əməkdaşının məlumatına görə, o, məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
“Banklara borcumu ödəyə bilmirdim”
İttiham aktına əsasən, istintaq zamanı müəyyən edilib ki, Pərvanə Vəlimurad qızı Mütəllimova 2015-ci ilin yanvar ayının 26-dan fevral ayının ortalarınadək olan müddət ərzində Xaçmaz rayonu, Xudat şəhərində yaşayan Xankişiyev Bəhruz Ramiz oğlunun etibarından sui-istifadə edib onu Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və ya Xudat şəhər Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyini vəd etməklə aldadıb. P.Mütəllimova ondan 8000 manat pul alıb.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Pərvanə Vəlimurad qızı Mütəllimova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərib ki, Xudat şəhər 3 saylı tam ortaməktəbdə sinif müəllimi işləyir. Onun Sevinc, Rəvanə adlı qızları, Murad adlı oğlu var. Qızı Sevinc ailəsi ilə birlikdə Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yaşayır, oğlu Murad hərbi xidmətdədir, digər qızı Rəvanə isə onunla birlikdə yaşayır. Həyat yoldaşı Tofiq isə təxminən 3 ilə əvvəl qeyri-rəsmi olaraq ondan ayrılıb: “Xudat şəhər 3 saylı tam orta məktəbdə sinif müəllimi işləyən Həqiqət müəllimənin oğlu Bəhruzu tanıyırdım. 2010-cu ilin sentyabr ayının əvvəllərində ehtiyacım olduğu üçün «Bank of Baku”nun Xaçmaz filialından 2000 manat kredit almışdım. İlk aylarda aldığım kreditin faizini ödəsəm də, 2010-cu ildə qızım Sevincin Rusiya Federasiyasının, Dağıstan Respublikasının Dərbəndə şəhərində yerləşən Moskva Dövlət Universitetinə qəbul olması ilə əlaqədar pul lazım olduğundan «Texnika bank”ın Xaçmaz filialından əlavə olaraq 2000 manat da kredit aldım. «Texnika bank”ın Xaçmaz filialından aldığım kreditin faizi olaraq isə hər ay banka 150 manat ödəməli idim. Sonrakı illərdə aldığım kreditlərin faizlərini ödəyə bilmədim və ona görə də «Finca» bankın Xaçmaz filialından 1500 manat, «Unibankın» Xaçmaz filialından isə 2500 manat kredit götürüb «Bank of Baku”nun və «Texnika bank”ın Xaçmaz filiallarından aldığım kreditləri ödəyərək, yenidən həmin banklardan müxtəlif məbləğlərdə kredit aldım. Sonradan aldığım kreditləri ödəyə bilmədim və məbləğ getdikcə artdı.
“Dedim ki, mənim tanışım var…”
2015-ci ilin yanvar ayının ortalarında işlədiyim məktəbdə Həqiqət müəllimə ilə söhbət edərkən mənə dedi ki, oğlu Bəhruz ali təhsillidir, işləmir, tanış olsaydı onu Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və ya Xudat şəhərlərində olan Yanğından Mühafizə Xidmətinə işə düzəldərdi. Həqiqət müəllimənin sözlərindən sonra qərara gəldim ki, ona oğlunu işə düzəldə biləcək tanışım olduğunu deyim və ondan pulu alıb banklara olan borcumu ödəyim. Fikirləşdim ki, Həqiqət müəllimə iş yoldaşıdır, məndən şikayət etməz, aldığım pulu isə sonradan hissə-hissə qaytararam. Mən Bəhruzu işə düzəldə biləcəyimi Həqiqət müəlliməyə bildirdikdə o, əri Ramizin kiminləsə danışdığını, Bəhruzun Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və ya Xudat şəhərlərində olan Yanğından Mühafizə Xidmətinə işə düzəlməsi üçün təxminən 7500-8000 manat pul lazım olduğunu, ancaq Ramizin danışdığı adamın Bəhruzun işə düzəlməsinin 7 aya mümkün olacağını bildirdiyini dedi. Mən də Həqiqət müəlliməyə dedim ki, istəyirlərsə, 8000 manata Bəhruzu 3-4 ay ərzində işə düzəldə bilərəm. Bundan bir gün sonra Həqiqət müəllimə razı olduqlarını, hissə-hissə mənə 8000 manat pul verəcəklərini dedi.
“Aldığım pulla bankların faizini ödədim”
Bir neçə gün sonra Həqiqət müəllimə sinif otağında 4000 manat pulu sayıb mənə verdi. Növbəti gün ondan aldığım pulu «Bank of Baku», «Unibank» və «Finca» banklarından aldığım kreditlərin faizi olaraq həmin banklara ödədim. Bir neçə gün sonra Həqiqət müəllimədən sinif otağında 2000 manat da pul aldım. Həmin pulu da «Bank of Baku», «Unibank» və «Finca» banklarından aldığım kreditlərin faizi olaraq həmin banklara ödədim. Bir neçə gün keçdikdən sonra evdə olduğum zaman Bəhruz idarə etdiyi avtomobillə yaşadığım evin qarşısına gəldi. Mən Bəhruzun idarə etdiyi avtomobilə əyləşdim. Bir qədər getdikdən sonra o, mənə 2000 manat pul verdi. Həmin pulu da bankalara ödədim. Sonra məktəbdə Həqiqət müəllimə ilə rastlaşdığım zaman ona aldığım 8000 manatı bütünlüklə çatdırdığımı, tezliklə oğlunun işə düzələcəyini bildirdim. 4 ay tamam olduqdan sonra Həqiqət müəllimə məndən pulu tələb etməyə başladı. Hər dəfə danışanda oğlunun işə düzələcəyinə söz verərək, onu sakitləşdirməyə çalışırdım. Sonradan o, pulu ciddi şəkildə tələb etdiyinə görə ona söz verdim ki, pulu hissə-hissə qaytaracam. O da razılaşdı. Mən polis şöbəsinə dəvət olunanda bildim ki, Bəhruz mənim barəmdə şikayət ərizəsi yazıb” .
Banklara borc ödənməyib
Zərərçəkmiş şəxs qismində dindirilmiş Bəhruz Ramiz oğlu Xankişiyev də ifadəsində Pərvanə Mütəllimovanın dediklərini təsdiq edib və bildirib ki, onu 15 ildir tanıyır:“Pərvanə müəllimə deyirdi ki, 3 ay ərzində məni işə düzəldəcək. Mən ayda 400 manat əmək haqqı alacam. Bildirirdi ki, bankdan kredit alıb ona verək. Kreditin ilk 3 ay faizini birtəhər ödəyərik. Sonradan isə mən işə düzəlib əmək haqqı alıb kreditin faizini banka ödəyərəm. Həmin vaxt atam Ramiz Pərvanə müəlliməyə inanıb-inanmadığını soruşduqda anam dedi ki, Pərvanə müəllimə iş yoldaşıdır, onları aldatmaz, ona inanır. Biz də razılaşdıq. Sonra «Bank of Baku» ASC-nin Xaçmaz filialına gedib kredit almaq istədiyimizi dedikdə bankın nümayəndəsi kredit almaq üçün işləyib əmək haqqı alan iki nəfərin zamin olmasını və ev əşyalarının girov qoyulmasını tələb etdi. Anam iş yoldaşı Lalə Məmmədağa qızı Qafarovaya bankdan kredit almaq istədiyini deyərək xahiş etdi ki, zamin dursun. Lalə müəllimə də anamla razılaşdı. Bank nümayəndəsi evə gəlib evdə olan əşyaların siyahısını götürdükdən sonra həmin gün mənim adıma 8000 manat kredit verdi. Biz də həmin pulu Pərvanə müəlliməyə verdik. Sonra o, bizə bildirdi ki, Avropa Oyunları ilə əlaqədar işə qəbul dayandırılıb. Bundan sonra bildik ki, o, bizi aldadır. Pərvanə deyirdi ki, pullar nazirlikdə paylanıb, geri istəyə bilməz. Evinə gedəndə qapını açmırdı, telefonlara cavab vermidi”.
İstintaq zamanı «Bank of Baku» ASC-nin, «Unibank» ASC-nin və «Finca Azerbaijan» MMQBKT-nın Xaçmaz və Quba filiallarından götürülmüş məlumatlardan məlum olub ki, Pərvanə Vəlimurad qızı Mütəllimova götürdüyü kreditlərin faizi olaraq 2015-ci ilin yanvar ayında və sonrakı aylarda «Bank of Baku» ASC-nin Xaçmaz filialına heç bir ödəniş etməyib. O, «Finca Azerbaijan» MMQBKT-nin Xaçmaz filialına 03 yanvar 2015-ci il tarixdən 03 may 2015-ci il tarixədək olan müddət ərzində ümumiliklə 303 manat 64 qəpik, «Unibank» ASC-nin Quba filialına isə 2015-ci ilin yanvar və fevral ayları ərzində ümumilikdə 740 manat pul ödəyib. Ona görə də Pərvanə Vəlimurad qızı Mütəllimovanın ifadəsində Bəhruz Ramiz oğlu Xankişiyevdən aldığı 8000 manat pulu «Bank of Baku», «Unibank» və «Finca» banklarından aldığı kreditlərin faizi olaraq həmin banklara ödəməsini göstərməsi özünü müdafiə kimi qiymətləndirilib.