”Vüqar Əsədov və Ceyhun İbayev ona 20 min manat pul verib”
Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin növbəti məhkəmə iclası keçirilib.
V.Güləliyev bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki olub.
Meydan TV-nin məlumatına görə, prosesdə zərərçəkmiş şəxs ifadə verib.
Zemfira Məmmədova adlı zərərçəkmiş bacısına yoldaşını həbsdən azad etdirmək üçün 10 min manat verdiyini deyib: “Bacım dedi ki, ərimi azad etdirmək üçün bu pulu bəzi şəxslərə verəcək. Amma sonradan məlum oldu ki, pulu alıb, vədlərinə əməl etmədilər”.
Zərərçəkmiş deyib ki, bacısı pulu Ceyhun İbayevə verib.
Təqsirləndirilən Vüqar Güləliyev pulun ona çatdığını etiraf edib. O deyib ki, Vüqar Əsədov və Ceyhun İbayev ona 20 min manat pul verib.
V.Güləliyev isə iş üzrə zərərçəkmiş kimi tanınan Səriyyə Tahirivanın epizodu üzrə arayış verib. Deyib ki,ondan 147 min manat almayıb. Bildirib ki, anasına düz danışması üçün söz verib. Buna görə həqiqəti söyləyir.
Hakim prosesə gəlməyən şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses sentyabrın 14-də davam etdiriləcək.
Təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.