Dələduzluqda təqsirləndirilən hərbçinin şikayəti təmin edilməyib

Taksi sürücülərinin telefonunu qaçırmaqda günahlandırılan MAXE məhkəmə qərarından narazıdır

Source:


Taksi sürücülərinin telefonunu qaçırmaqda günahlandırılan MAXE məhkəmə qərarından narazıdır

Dələduzluqda və soyğunçuluqda təqsirli bilinən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu (MAXE) Tural Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Tural Babayev 2 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Lakin Gəncə Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttihama görə, Tural Babayev hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmətdə əsgər hərbi rütbəsində xidmət edərkən cinayət törədib.

Bildirilir ki, Tural Babayev 29 oktyabr 2016-cı il tarixdə, saat 19 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığında  taksi kimi dayanmış “99-DR-861” dövlət nömrə nişanlı avtomobilin sürücüsü Amid Namazova yaxınlaşıb və onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmasını deyib.

Taksi sürücüsü də etiraz etməyərək onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya  gətirib. Həmin vaxt Tural Babayev xəstəxananın həyətində zəng etmək adı ilə Amid Namazova məxsus “Samsung Galaxy G-530 Prime” markalı mobil telefonu alıb və oradan qaçıb.

Amid Namazov onun arxasınca qaçaraq telefonunun onun qaytarılması üçün cəhd edib. Buna baxmayaraq Tural Babayev hadisə yerindən uzaqlaşıb.

Bundan əlavə, Tural Babayev həmin il noyabrın 24-də, saat 18 radələrində Gəncə şəhər R.Qasımov küçəsi ilə Atatürk prospektinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan “Vaz 21099” markalı  avtomobilin sürücüsü Vəli Ələkbərovdan onu Gəncə şəhər 2 saylı xəstəxanaya aparmasını istəyib. Taksi sürücüsü də onu həmin ünvana aparıb.

Yolda Tural Babayev zəng etmək adı ilə Vəli Ələkbərova  məxsus 150 manat dəyərində olan “Samsung Galaxy Grand Prime” markalı mobil telefonu onun əlindən alıb. Telefonu alan Tural Babayev maşından düşərək gedib.

İttiham aktında göstərilir ki, Tural Babayev noyabrın 20-də, saat 17 radələrində Gəncə şəhər Ə.Hüseynzadə  küçəsində taksi fəaliyyəti ilə məşğul olan “Vaz 2107” markalı avtomobilin sürücüsü Kamil Nəbiyevə cinayət törətmək qərarına gəlib. O, Kamil Nəbiyevə yaxınlaşaraq onu Gəncə şəhər Mahrasa bağı  adlanan əraziyə aparmasını deyib. Taksi sürücüsü də etiraz etməyərək onu Mahrasa bağına aparıb. Bu zaman yolda, o, zəng etmək adı ilə Kamil Nəbiyevə 140 manat dəyərində olan “Samsung Galaxy S3” markalı mobil telefonu alıb və avtomobildən düşərək gedib.

Növbəti dəfə Tural Babayev taksi sürücüsü Elçin Qurbanova qarşı dələduzluq edib. O, noyabrın 20-də, saat 19 radələrində Atatürk  prospektində taksi fəaliyyəti ilə məşğul olan “Priora” markalı atomobilin sürücüsü Elçin Qurbanova yaxınlaşıb və onu Gəncə şəhəri, Bayan küçəsinə aparmasını istəyib.

Taksi sürücüsü də etiraz etməyərək onu maşının mindirib. Yolda Tural Babayev zəng etmək adı ilə Elçin Qurbanova məxsus 160 manat dəyərində olan “Samsung Galaxy Grand Prime” markalı mobil telefonu alıb və avtomobildən düşərək getməklə aldatma dələduzluq edib.

Tural Babayev Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddələri ilə ittiham edilib.

Ana səhifəXəbərlərDələduzluqda təqsirləndirilən hərbçinin şikayəti təmin edilməyib