“Karat” mənzil-tikinti kooperativi 1 milyon 112 min manat mənimsəməkdə günahlandırılır
“Karat” mənzil-tikinti kooperativinin qanunsuz hərəkətlərilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq işi yekunlaşıb.
İstintaq “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadənin tanışı Qərib Əmiraslanovla əlbir olaraq rəsmi sənədlərə bilərəkdən yalan məlumat daxil etməkdə suçlayır. Belə ki, MTK-nın icraçı direktoru paytaxtda inşa etdiyi çoxmərtəbəli binada artıq satılmış olan 5 mənzili və 4 avtodayanacaq yerini təkrar başqa şəxslərə satmaqla 1 milyon 112 min manat pulu dələduzluq yolu ilə mənimsəyib. Bundan irəli gələrək R.Hacızadəyə Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, vəzifə səlahiyyətlərindən sui-stifadə, vəzifə saxtakarlığı, Q.Əmiraslanova isə dələduzluq ittihamları irəli sürülüb.
Cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
2005-ci ildən başlayaraq mənzil tikinti şirkətlərində vətəndaşların mənzil tikintisi adı ilə dələduzluğa məruz qalmaları kimi faktlar üzə çıxıb. Ölkə mətbuatı 25-ə yaxın belə şirkətin olması haqda dəfələrlə yazıb. Jurnalist tədqiqatlarına əsasən, bu şirkətlərin aldatdıqları vətəndaşın sayı minlərlədir. Vətəndaşlar pullarını ödəsələr də mənzil ala bilməyib, bəzən eyni mənzil iki nəfərə və daha çox vətəndaşa satılıb. Belə şirkət rəhbərləri həbsə alınsalar da vətəndaşların pullarının qaytarılması kimi fakta hələ rastlanmayıb.