Sabiq məmur iranlı iş adamını aldatmaqda təqsirləndirilir
Əvvəlcə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı olmuş, ondan sonra isə Nazirlər Kabinetində çalışmış Münsif Səfərov indi dələduzluqda ittiham olunaraq, cinayət məsuliyyətinə cəlb edilib. O, həbs edilməsə də, barəsində cinayət işi başlanıb. Həmin işə Bakı
Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə baxılır.
Sabiq icra başçının məhkəməsi yarım ildən çoxdur davam edir. O, Rüstəm Bayramov adlı başqa bir şəxslə birlikdə təqsirləndirilir.
Bayramov isə həbsdədir. Onların hər ikisi CM-in 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İttiham aktında yazılıb ki, təqsirləndirilən şəxslər əslən iranlı olan iş adamı, “Anari” MMC-nin rəhbəri Fərabi Mənsuru aldadaraq, onun evini ələ keçiriblər, 60 min manat ziyan vurublar.
Lakin M.Səfərov və R.Bayramov ittihamı qəbul etmir. Onlar özlərini təqsirli bilmirlər. Buna baxmayaraq, prokuror onlara qarşı dələduzluq ittihamının məhkəmədə sübuta yetirildiyini söyləyib və təqsirləndirilən şəxslərin hər birinin 8 il azadlıqdan məhrum edilməsini istəyib.
M.Səfərovun vəkili isə iyulun 18-də məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, işdəki ifadələr arasında çoxlu ziddiyyətlər var, onlara mütləq aydınlıq gətirilməlidir.
Dövlət ittihamçısı Fəhmin Hümbətov vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə iyulun 20-də davam edəcək.