“Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin?”
Mayın 25-də Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin fakültənin tələbəsi Zəka Mirağayevə qarşı iddiası üzrə məhkəmə iclası başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda Nigar İsmayılzadə çıxış edib. O bildirib ki, Zəka Mirağayev mediada ona böhtan atıb, “rüşvətxor” adlandırıb.
N.İsmayılzadə söyləyib ki, 2015-ci ilin dekabrında həbsdə intihar etmiş MTN polkovniki İlqar Əliyevlə əlaqəsi haqda yazılanları özünə təhqir hesab edir:
“Mətbuatda “Xanım dekan müavininin intihar etmiş MTN polkovniki ilə nə əlaqəsi var?” başlığı ilə məqalə yayılmışdı. Azərbaycanlıyıq, bu cümləni oxuyan mənim haqqımda nə düşünər? Guya mənim dekan müavini təyin olunmağımda İlqar Əliyevin rolu olub. Bütün bunlar yalandır. İlqar Əliyev mənim qrup yoldaşım olub. Dekan müavini nə vəzifədir ki, məni MTN polkovniki ora təyin elətdirsin?”
İclasda çıxış edən Zəka Mirağayev isə özünü təqsirli bilmədiyini, dekan müavininin rüşvət alması barədə sübutları olduğunu deyib.
Proses iyunun 8-də davam edəcək.
N. İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. İlahiyyat fakültəsinin dördüncü kurs tələbəsi olan Z. Mirağayev müsahibəsində dekan müavinin rüşvət aldığını deyib. Bundan sonra N.İsmayılzadə məhkəməyə müraciət edərək, Zəka Mirağayevin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını istəyib.