Ofeliya Məmmədova şiş xəstəliyindən əziyyət çəkən bacısı Nərminə Məmmədovanı vəziyyəti ağırlaşdığına görə yanvarın 19-da Milli Onkologiya Mərkəzinə gətirib. Ancaq mərkəz onu qəbul etməyib. Heç xəstə ilə maraqlanan da olmayıb:
“3 gündür Şəmkirdən gəldiyimiz. Qalmışıq xəstəxanada. Kimsə bizimlə maraqlanmır. Ruslan həkim göndərir Dünya həkimin üstünə, Dünya həkim də göndərir bir başqasının üstünə. Ora-bura qaçmaqdan ayağımın altı mazol olub. Belə dərd ola? Bu boyda mərkəzdə bizimlə maraqlanan yoxdur”.
Xəstə yaxını Şirzad Məmmədov isə deyir ki, hara gedirik pul tələb edirlər. Nə edəcəklərini bilmirlər:
“1000-1200 manat istəyirlər. Bizim də o qədər pulumuz yoxdur. Belə olan təqdirdə isə həkimlər heç bir köməklik göstərmirlər. Hərəsi bir tərəfə göndərir. Nə edəcəyimizi bilmirik”.
Məsələyə münasibət bildirən Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Əbdürrəhimov isə bildirdi ki, xəstənin vəziyyəti ağırdır. Ona heç bir kömək edə bilməzlər: “Bundan sonra ona ancaq simtomatik müalicə edilməlidir. Yəni, başı ağrıyırsa ona uyğun dərman verilməli, ürəyi bulanırsa bunun tezliklə keçməsi üçün tədbir görülməli və ya hərarəti varsa bunun qarşısının alınması üçün dərman verilməlidir. Bundan başqa bizim ona göstərəcəyimiz hər hansı kömək yoxdur. Çünki Nərminə Məmmədova artıq xərçəngin ən son mərhələsindədir. Vəziyyəti isə çox ağırdır”.