“Dedilər, obyektin Mehriban Əliyevanın çaxır zavoduna maneçilik törədir, sökdülər”

“Əvvəl deyirdilər, arxayın ol, təzminat ödəniləcək, ancaq mayın əvvəli qəfil buldozerləri gətirib obyekti içərisindəki əşyalarla birlikdə darmadağın ediblər”.

Source: Meydan TV


Şamaxı sakini: “Mənim ölkəmdə karantini fürsət bilib vətəndaşı çörəyindən məhrum edirlər”

“Obyektimi söküblər, əsəb xəstəliyinə tutulmuşam, hər yerə şikayət edirəm, ancaq heç yerdən cavab ala bilmirəm. O boyda obyekti karantin günlərində gəlib sökdülər, dedilər, icra başçısının göstərişidir, get, onunla danış. Ancaq başçının qəbuluna buraxmadılar ki, karantindir, olmaz”.

Bu ilin mayında Şamaxı sakini Fərhad Allahquliyevin Şamaxı-Ağsu magistral yolunun kənarında yerləşən obyekti sökülüb. Dediyinə görə, Şamaxı Rayon İcra Hakimiyyətindən ona bildirilib ki, maşın təmiri ilə məşğul olan obyekti yaxınlıqdakı zavoda görə soküblər.


“Heç kimə maneçiliyi yox idi”

“Obyektin sahəsi 96 kvadratmetr idi. Heç kimə maneçiliyi yox idi. Magistral yoldan da 50 metr aralıda yerləşirdi. Dedilər ki, yaxınlıqda vitse-prezident Mehriban Əliyevanın çaxır zavodu var, bu obyekt o zavoda maneçilik törədir. Halbuki, mənim obyektimin zavoda heç bir maneçiliyi yox idi. Hələ karantindən əvvəl mənə obyektin söküləcəyi ilə bağlı bir neçə dəfə xəbər göndərmişdilər. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Sərdar Ömərovun, rayonun baş memarının yanında olmuşdum, onlar da hər şeyin yaxşı olacağını demişdi. Hətta biz obyektdə abadlıq işləri aparanda başçının müavini gəlib bildirmişdi ki, nahaq əziyyət çəkirsiz, onsuz da bura söküləcək. Mən də demişdim ki, əvvəl əvəzini ödəyin, sonra sökün”, – şikayətçi deyir.


“İçərisindəki əşyalarla birlikdə dağıdıblar”

Fərhad Allahquliyevin sözlərinə görə, mayın əvvəlində ona obyektdə söküntü işləri aparıldığı bildirilib. O da özünü əraziyə çatdırıb:

“Əvvəl deyirdilər, arxayın ol, təzminat ödəniləcək, ancaq mayın əvvəli qəfil buldozerləri gətirib obyekti içərisindəki əşyalarla birlikdə darmadağın ediblər. Mən əraziyə çatanda obyekt tamamilə sökülmüşdü. Dedilər ki, get, başçıyla danış, onun göstərişidir. İcra hakimiyyətinə gedəndə isə bildirdilər ki, karantin şəraiti olduğuna görə başçı vətəndaşları qəbul etmir. Deməli, başçı karantin günü obyekt sökdürə bilər, ancaq vətəndaş qəbul edə bilməz. Başqa ölkələrdə karantin vaxtı vətəndaşlara yardım edirlər, mənim ölkəmdə isə karantini fürsət bilib vətəndaşı çörəyindən məhrum edirlər”

sened.png
Ərizə


“Məni görəndə hərəsi bir tərəfdə gizlənir”

Fərhad Allahquliyev deyir, 4 il imiş ki, yol çəkilişinə görə obyekt əvvəlki gücüylə işləyə bilmirmiş:

“O yeri 1998-ci ildə indiki pulla hesablasaq, 58 min manata almışdım. Uzun illər o obyektdən neçə-neçə ailəyə dolanışıq, çörək gedib. 4 il əvvəl Şamaxı-Ağsu yolunu tikəndə obyektə gediş-gəliş çətinləşdi. Əvvəlki gücündə çalışmasa da, çörəyimizi qazana bilirdik. May ayından bu tərəfə stresdən, gərginlikdən əsəb xəstəliyi tapmışam, bütün sağlamlığımı itirmişəm. Söküblər, gətirsinlər haqqını ödəsinlər. İcra hakimiyyətinə gedirəm, hərəsi bir tərəfdə qaçıb gizlənir. Sökəndə hamısı bir yerdə söküb, ancaq indi hərəsi bir tərəfə qaçır. Baş memar deyir, mənlik deyil, gəlib abadlıq işləri vaxtı “onsuz da bura söküləcək” deyən müavin indi deyir, mənlik deyil… Hamı başçını göstərir, onun da yanına buraxmırlar”.


İcra hakimiyyəti nə deyir…

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Şamaxı-Ağsu magistral yolunun kənarındakı obyekt əvvəllər maşın təmini sexi kimi fəaliyyət göstərsə də, bir neçə ildir ki, işləmirdi. Obyekt magistral yolun ətrafında aparılan abadlıq işləri çərçivəsində sökülüb. Bildirilib ki, vətəndaşa obyektin əvəzi olaraq başqa yerdə sahə təklif olunsa da, razılaşmayıb. İcra hakimiyyətindən ərazidə Birinci vitse-prezident Mehriban Əliyevaya məxsus hər hansı zavodun fəaliyyət göstərməsi ilə bağlı vətəndaşın dedikləri təkzib olunub.

Fərhad Allahquliyevsə qurumdan deyilənlərin həqiqətəuyğun olmadığını deyir. Bildirir ki, ona obyektin əvəzi olaraq nə pul, nə də başqa yerdə torpaq sahəsi təklif olunub.

Fərhad Allahquliyev Prezidentə, Birinci vitse-prezidentə, Baş prokurora bir neçə dəfə məktub və teleqram göndərib, ancaq heç birinə cavab almayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, vətəndaşın əlində sökülmüş əmlakın ona məxsus olduğunu təsdiqləyən sənəd varsa, məhkəməyə müraciət edə bilər.

samaxi.png
“O yeri 1998-ci ildə indiki pulla hesablasaq, 58 min manata almışdım”.
Ana səhifəBölgə“Dedilər, obyektin Mehriban Əliyevanın çaxır zavoduna maneçilik törədir, sökdülər”