Biz onların davranışlarına, qışqırmalarına baxır və onları çox yaxşı başa düşürdük. Bu, qorxunun ifadəsi idi. Onlar hiss edirdilər ki, azacıq zəiflik göstərsələr, azacıq geri çəkilsələr, bir daha geri dönüş olmayacaq, bu dalğanın qarşısını almaq mümkün olmayacaq. Onların qorxusu, aksiyaya çıxanların qorxusundan dəfələrlə artıq idi. Əslində, bu gün orda itirməyə heç nə olmayanların qorxusu ilə, hər şeyini itirmək təhlükəsi ilə üz-üzə qalanların qorxusunun qarşıdurması idi…
Bu gün mən də Qubada, aksiyanın keçirildiyi meydanda idim. Mən daha çox kənarda dayanmışdım. Prosesi kənardan izləyən onlarla gənc kimi. Ərazini dövrələmiş səkilər qeyri-formal sərhəd funksiyası daşıyırdı. Bu yarımaddımlıq hündürlükdəki sərhədlər dükanları, iaşə obyektlərini meydandan ayırdığı kimi, prosesə sakitcə tamaşa edənləri də aksiyaya çıxanlardan ayırırdı.
Əslində, dünəndən yerli camaatın planlaşdırdığına qalsa, biz bu gün səhər saat 10.00-da artıq meydanda olmalı idik. Əhalini sakitləşdirmək olmurdu. Kreditlər, bahalaşma hamının olan-qalan səbrini daşırmış, itirməyə daha bir şeyləri qalmayan bu adamların içində illərlə yığılan narazılığı, etirazı qəfil partlatmışdı.
Hətta mən, heç bir krediti olmayan adam belə, bu böhranı dərindən hiss edirdim. Görürdüm ki, illlərlə baş alıb gedən məmur özbaşınalığı, yüksəkdə oturanların sadə camaatı təhqir etməsi elə-belə ötüşmür. Ən əsası isə, çörək….aclıq qorxusu… özün bir yana, balanın, övladının aclıq qorxusu…
Sonra xəbər tutduq ki, aksiya hazırlıqları ilə yanaşı, dünən başqa hazırlıqlar da gedirmiş. İcra başçısı dünən bütün axundları, məktəb direktorlarını, azacıq nüfuzu, vəzifəsi olan kim varsa, yığıb. 2 saat iclas olub. Hamısına tapşırıq verilib ki, tabeliyində olanlara, qohumlarına, sözləri, ərkləri keçən kim varsa, aksiyaya çıxmamağı tapşırsınlar.
Səhər 08.00-da meydanı mühasirəyə aldılar. Camaat meydana çıxa bilmədi. Saat 13.00-da cümə məscidinə gələn insanları qoymadılar içəri. Dedilər ki, məscidə bomba qoyublar. Səbəbi sadədi. Məscid meydanda yerləşir axı…
Anladıq ki, bu insaları ber yerdə çoxalmağa qoymurlar. Baş qaldıran etirazı, narazılıq dalğasını elə beşikdəcə boğmaq məsələsidir bu.
Amma günortadan sonra köhnə avtovağzalda yığışdı camaat. Bu dəfə nisbətən yaşlılar daha çox gözə dəyirdi. Fəallıq edənlərin də əksəri yaşlılar idi. Anlamaq asandır onları. Gənclər daha çəkingəndir. Çünki əsl gəncliyin burda, belə aksiyalarda keçməli olduğunu heç kim öyrətməyib onlara. Dünən videosu yayılan, vəhşicəsinə şagird döyən müəllim kimi, onlarla, yüzlərlə, minlərlə müəllim onlara “başını aşağı salmağı”, tabe olmağı, boyun əyməyi öyrədib.
İki yerə bölündü insanlar. Aksiyaçılara və kənardan baxanlara. “Istefa” qışqırmağa başladılar, fit çaldılar, gülən də, qəzəbini boğa bilməyən də vardı. Çox keçmədi, kordonlu polislər, su vuran maşınlar peyda oldu. Onlara tərəf daş atırdı millət. Polislər ora-bura qaçışır, aksiyaçılarda qorxu, xof yaratmağa çalışırdılar. O qədər idilər ki, aksiyaçılardan sayları dəfələrlə çox görünürdü. Hiss olunurdu ki, yaxşı hazırlanıblar.
Biz onların davranışlarına, qışqırmalarına baxır və onları çox yaxşı başa düşürdük. Bu, qorxunun ifadəsi idi. Onlar hiss edirdilər ki, azacıq zəiflik göstərsələr, azacıq geri çəkilsələr, bir daha geri dönüş olmayacaq, bu dalğanın qarşısını almaq mümkün olmayacaq. Onların qorxusu, aksiyaya çıxanların qorxusundan dəfələrlə artıq idi. Əslində, bu gün orda itirməyə heç nə olmayanların qorxusu ilə, hər şeyini itirmək təhlükəsi ilə üz-üzə qalanların qorxusunun qarşıdurması idi…
(embedded content removed)
Mən kənardan hamının – aksiyada olanların da, kənarda dayananların da əyin-başlarına baxır və doxsan doqquz faizi qara olan bu paltarların tündlüyünün, kədərinin səbəbini axtarırdım. Yaxşı, deyək ki, bu gün, indi aydındır, çətin günlərdir, bahaçılıq, narazılıq insanların qanını qaraldıb, bu qan qaralığı paltarlarda özünü büruzə verir. Amma…axı neftin barreli 150 dollar olanda, devalvasiya hələ üfüqdə belə görünməyəndə də bu adamlar elə bu qara geyimlərdə idilər.
Nədir, nədir bu adamların əyinlərindəki qara paltarların səbəbi? Bəlkə Nizaminin “Yeddi gözəl”indəki qara paltarlı şahzadənin “Qara paltarlı adamların şəhəri” nağılındakı səbəbdi? Bəlkə onlar bircə dəfə xoşbəxtliyi görüblər və şüuraltı da olsa, anlayırlar ki, neftin qiymətindən, manatın kursundan, ölkədəki quruculuq-abadlıq işlərindən asılı olmayaraq, nə qədər ki, sözlərini rahat deyə bilmir, nə qədər ki, vəzifəcə yüksəkdə duran onları təhqir edir, nə qədər ki, taleləri kimlərinsə əhvalından asılıdır, yoxdur, olmayacaq o xoşbəxtlik…
Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…