“Dedi ki, DTX onu yeni partiya təklifilə Seymur Həzinin yanına həbsxanaya göndərmişdi…”

Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Source: Архив


Seymur Həzi: “Daha bir nəfərlə birlikdə gəlmişdilər, rədd cavabı alıb getdilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) parçalamaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) atdığı addımlar barədə danışılıb. Bu, avqustun 6-da “xeberman.com” saytının həbsdə olan rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun məhkəməsində baş verib.

Hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmə iclasında Cavid Musazadə şahid qismində dindirilib. O, vaxtilə AXCP-nin Gənclər Komitəsinin üzvü olub, sonradan Razi Nurullayev partiyadan gedəndə onun birlikdə gedib. Yeni partiyasında R.Nurullayevə müavin təyin edilib. Təxminən bir il sonra R.Nurullayevlə də aralarında problem yaranıb, oradan da istefa verib.

C.Musazadə məhkəmədə şahid qismində ifadə verərkən iddia edib ki, P.Aslanovla çayxanada görüşüb söhbət edərkən baş redaktor ona İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etdiyini, buna görə aylıq pul aldığını deyib.

P.Aslanov isə onun yalan danışdığını, onunla bir dəfə təsadüfən görüşdüyünü, həmin görüşdə də C.Musazadənin özünün DTX-ya işləməsini etiraf etdiyini söyləyib: “Mən hərbi xidmətdən qayıdanda jurnalist İkram Rafiqoğlunun məhkəməsi gedirdi. Onu DTX həbs eləmişdi. Məhkəmədə baş verənlər barədə öz saytımıza reportaj yazırdım. Məhkəmədən çıxanda Dəyanət Babayev zəng eləyib görüşmək istədiyini dedi. Görüşdük. Yolda gedəndə Dəyanət israrla deyirdi ki, “gəl, parkın içiylə gedək”. “İstanbul” kafesinə çatanda Cavid Musazadə və daha bir nəfərin orada çay içdiklərini gördük. Cavid Musazadə Dəyanəti birlikdə çay içməyə dəvət etdi, Dəyanət də mənə təklif elədi. Dedim ki, oruc tutmuşam, halsızam, gedirəm. Dəyanət israr elədi. İndi təhlil edəndə başa düşürəm ki, əslində, bütün bunlar təsadüf olmayıb. Onlar orada oturub gözləyiblər. Dəyanət də məqsədli şəkildə oradan aparıb”.

P.Aslanovun sözlərinə görə, həmin görüşdə ona rəhbərlik etdiyi saytda yayımlanan “Akkord” şirkəti barədə yazının çıxarılmasına görə 1000 manat pul təklif olunub. Yazını çıxarmağa razılaşmayıb, amma saytı bötüvlükdə notarial qaydada 5 min manata sata biləcəyini söyləyib: “Dedim ki, saytı satım sizə, ondan sonra sayt da, yazı da sizindir, nə edirsiniz edin. Bu vaxt Cavid Musazadə dedi ki, “siz də heç sözəbaxan deyilsiz. Bir müddət əvvəl DTX-nin yüksək rütbəli əməkdaşlarının göstərişilə həbsxanaya Seymur Həzinin yanına getdim, mənə deyilənləri ona çatdırdım. Təklif də belə idi ki, Əli Kərimlinin partiyasından uzaqlaşır, onun üçün ayrıca partiya yaradılır, özü də həmin partiyanın başına gətirilir. Seymur razı olmadı. Sən gəl ağıllı ol, yazını sil, pulunu al”. Razılaşmadım. Hətta orada yazını silməyə razılaşmadığıma görə Dəyanət əsəbiləşdi, söyüş söydü. Başa düşdüm ki, bunlar nəsə tələ qururlar, durub gəldim”.

C.Musazadə də P.Aslanovun dediklərini təkzib etməyib. O əlavə edib ki, həmin görüşdə P.Aslanov onlara Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov və köməkçisinin onun saytından yazı sildirmək istəməsi barədə səs yazısını dinlətdirib.

P.Aslanov da bunu təsdiqləyib: “Bəli, dedim ki, mən heç onların dediyini eləmirəm. Əgər mən həmin görüşdə İrandan pul aldığımı demiş olsaydım, bu adamlar səsimi yazardılar, həbs olunduğum günün ertəsi DTX onu yayardı…”

AXCP sədrinin müavini Seymur Həzi 2014-cü ilin avqustundan 2019-cu ilin avqustuna qədər həbsdə olub.

S.Həzi Meydan TV-nin sualına cavab olaraq, C.Musazadənin partiya yaratmaq təklifilə onun yanına gəldiyini təsdiqləyib: “O, daha bir nəfərlə gəlmişdi. Rədd cavabı alıb getdilər…”

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə – İranın xüsusi xidmət orqanlarına casusluq edib, dövlət sirri sayılan məlumatları ötürməkdə ittiham olunur. İstintaqın sonunda P.Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə də əlavə ittiham verilib. İddia olunur ki, o, Dəyanət Babayevi ölümlə hədələyib.

P.Aslanov ittihamların heç birini qəbul etmir. Baş redaktor DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.

Həyat yoldaşı Gülmirə Aslanovanın bildirdiyinə görə, P.Aslanov avqustun 5-dən aclıq aksiyası keçirir: “Saxta ittihamla 1 il iki aydır həbsdə saxlanmasına, istintaq kimi, məhkəmənin də qərəzli aparılmasına aclıq aksiyası keçirməklə etiraz edir. Avqustun 5-dən yalnız su qəbul edir. O, həbs olunandan DTX-nın istintaq təcridxanasında saxlanılırdı. Avqustun 7-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Aclığın 5-ci günüdür. Onunla bağlı heç bir məlumat ala bilmirəm. Çox narahatam. Durumu, səhhəti necədir, bilmirəm”.

G.Aslanovanın sözlərinə görə, avqustun 8-də Bakı İstintaq Təcridxanasına həyat yoldaşı üçün geyim, su aparsa da, qəbul etməyiblər. Bildirilib ki, təcridxanaya yeni gətirildiyinə görə karantindədir: “Vəziyyəti barədə də heç bir məlumat ala bilmədim. Çox narahatam. Polad Aslanov ürək-damar xəstəsidir, çəkisi cəmi 45 kiloqramdır, qan azlığı var”.

G.Aslanova həyat yoldaşının durumu barədə Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə məlumat verdiyini vurğulayıb.

P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasət“Dedi ki, DTX onu yeni partiya təklifilə Seymur Həzinin yanına həbsxanaya göndərmişdi…”