”Daxili və xarici borclarla bağlı vəsaitlərin bazara daxil olması məhdudlaşa bilər”

Zöhrab İsmayıl: ”Baş bankirin təklifləri problemin köklü həlli yox, onlardan yayınmaqdır”

Source:


Zöhrab İsmayıl: ”Baş bankirin təklifləri problemin köklü həlli yox, onlardan yayınmaqdır”

“Daxili və xarici borclarla bağlı vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır”.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, indi qarşıda duran əsas problemlərdən biri borclar və investisiya probleminin bazardan kənarda həll olunmasına nail olmaqdan ibarətdir: “Bu istiqamətdə bizim təkliflərimiz var. Bu məsələ baş nazirin yanında müzakirə olunub. Biz düşünürük ki, keçid dövründə manevr etməklə həm daxili, həm də xarici borclara görə vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki belə olan şəraitdə manatın məzənnəsinə əlavə təzyiq yaranır və manatın ucuzlaşmasına səbəb olur. Manatın ucuzlaşmasının isə sosial-iqtisadi nəticələrini yaxşı bilirik”.

Mərkəzi Bank sədrinin söylədiklərini Meydan TV-yə şərh edən iqtisadçı Zöhrab İsmayıl hesab edir ki, daxili və xarici borc probleminin iki həll yolu var:

“Birincisi, dövlət valyuta ehtiyatlarından birbaşa borcları qarşılayır. İkincisi borc almaqdır. Amma mən inanmıram ki, Mərkəzi Bank Neft Fondunun rezervləri hesabına problemi həll etməyi təklif etsin. Çox güman ki, cənab Rüstəmov yeni borcların alınması məsələsini qaldırıb”.

Zöhrab İsmayıl

Z.İsmayıl hər iki təklifin problemin həllinə kömək etməyəcəyini düşünür: “Çünki hər ikisi əlavə borc yaradır. Valyuta bazarına təzyiqləri azaltmağın əsas yolu ixracın artırılmasından, iqtisadiyyatın şaxələnməsindən keçir. Bunlarsız deyilən tədbirlər uzunmüddətli nəticələr verməyəcək. Baş bankirin təklifləri problemin köklü həlli yox, onlardan yayınmaqdır. Ona görə də cənab Rüstəmovun manevrləri risklidir və gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün çox böyük təhlükələr doğurar”.

Ana səhifəXəbərlər”Daxili və xarici borclarla bağlı vəsaitlərin bazara daxil olması məhdudlaşa bilər”