Milli Məclis “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihə daxili qoşunların səlahiyyətlərini genişləndirir və onların vətəndaşların saxlanılması prosesinə cəlb olunmasına imkan yaradır.
“Report”un məlumatına görə, sənəd parlamentin oktyabrın 10-da keçirilən plenar iclasında müzakirə edilib. Qanun layihəsi daxili qoşunların fəaliyyətinin hüquqi əsaslarını, vəzifə və səlahiyyətlərini, maddi-texniki təminatını, həmçinin xüsusi vasitələrin və odlu silahların tətbiqi qaydalarını müəyyənləşdirir.
Yeni qanuna əsasən, daxili qoşunlar aşağıdakı hallarda şəxsləri saxlamaq hüququna malik olacaqlar:
- inzibati xəta və ya cinayət törətmiş, yaxud törətməkdə şübhəli bilinən şəxsləri;
- axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri;
- fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, eləcə də dini ekstremizm və terror əməliyyatları zonalarının hüquqi rejimini pozan şəxsləri;
- daxili qoşunların mühafizə etdiyi obyektlərə qanunsuz daxil olmağa cəhd edən şəxsləri.
Qanuna görə, saxlanılan şəxslərə dərhal saxlanma səbəbləri bildirilməli, hüquqları izah edilməli və tibbi yardım göstərilməlidir. Onlar ən yaxın polis orqanına təhvil verilməlidirlər.
Layihənin müəllifləri bildirir ki, dəyişikliklər ölkənin müdafiə qabiliyyətini və daxili sabitliyini gücləndirmək məqsədi daşıyır.
Lakin hüquqşünas Səməd Rəhimli hesab edir ki, yeni layihə daxili qoşunların funksiyasını əsaslı şəkildə dəyişir və polis səlahiyyətlərinin hərbiləşdirilməsi təhlükəsi yaradır:

“Hərbi təyinatlı silahlı qüvvəyə inzibati xəta və cinayət törədən şəxsləri tutmaq səlahiyyəti verilməsi hüquq mühafizə fəaliyyətində sərtləşməni ifadə edir. Bu, vətəndaşlara qarşı güc tətbiqi ehtimalını artırır və xüsusilə icazəsiz aksiyalarda qeyri-mütənasib müdaxilə riskini çoxaldır”.
Rəhimli bildirir ki, hazırda qüvvədə olan qanun daxili qoşunların qeyri-zorakı və icazəsiz mitinqlərin qarşısının alınmasına cəlb edilməsini qadağan edir. Yeni layihə isə bu prinsipi zəiflədir:
“İnzibati xəta törətməkdə şübhəli bilinən şəxslərin tutulması səlahiyyəti daxili qoşunlara etiraz aksiyalarında iştirak edən vətəndaşları tutmaq imkanı verir. Azərbaycanda icazəsiz mitinqlər inzibati xəta sayıldığı üçün bu, daxili qoşunların etirazlara müdaxilə hüququnu genişləndirir”.
Ekspertin fikrincə, bu dəyişiklik “polisin hərbiləşdirilməsi” tendensiyasını gücləndirir və vətəndaşlara qarşı zorakılıq riskini artırır.
Layihə rəsmi izahda “sabitliyin qorunması” məqsədi daşısa da, hüquq ekspertləri bunun mülki idarəetmə ilə güc strukturları arasındakı sərhədi bulanıqlaşdırdığını düşünürlər. Daxili qoşunların polis səlahiyyətləri qazanması, dövlətin təhlükəsizlik yanaşmasında yeni bir mərhələni – hərbi nəzarətin gündəlik həyata inteqrasiyasını göstərə bilər.