“Daxili bazarda buğdanın qiymətinin enməsinə məqsədli şəkildə imkan yaratmırlar”

Vahid Məhərrəmov: “Məmurlar özləri də artıq buğda istehsalçısına çevriliblər”

Source:


Vahid Məhərrəmov: “Məmurlar özləri də artıq buğda istehsalçısına çevriliblər”

Dünya bazarında 1 ton buğdanın qiyməti 172 dollar olduğu halda Azərbaycanda qiymət 250 dollar civarındadır. Qiymətin bu nisbətdə fərqini Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, səbəbi hökumət məmurların bu sahəyə olan merkantil maraqlarında axtarmaq lazımdır: “Bu sahəninn idxalında marağı olan qüvvələr, inhisarçılar  buğdanın qiymətinin yüksək qalmasında maraqlıdırlar. Heç bir ciddi əsas olmadan bu ildən Azərbaycan Dövlət Taxıl Fonduna tədarük edilən taxıl ehtiyatının həcmi artırılıb. Nazirlər Kabinetinin “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərarına əsasən, Taxıl Fonduna yığılan ehtiyatın həcmi 750 min tona çatdırılıb. Əvvəllər isə bu ehtiyat 500 min ton təşkil edirdi. Bu addımın atılmasına səbəb görünür  buğda istehsalının az olacağı ilə bağlı verilən proqnozlar olub. Elə bu səbəbdən də  Azərbaycan hökuməti bu il Rusiyadan buğda idxalını əvvəlki ilə nisbətən 2 dəfə artırıb. Onu da nəzərə almaq lazımdır ki, bu ilin fevral ayından Rusiya hökuməti dünya bazarında mövcud olan qiymətdən fərqli olaraq hər ton buğda üçün 37 avro əlavə qiymət müəyyən etdi. Ancaq Rusiya buğdasının baha olmasına baxmayaraq, Azərbaycan daha çox maliyyə ödəməklə buğdanı Şimal ölkədən idxal etdi. Gətirilən buğdanın həcmi çox olmaqla yanaşı qiyməti də baha başa gəldi. İndi isə çox baha qiymətə idxal etdikləri buğdanı aşağı qiymətə təklif edə bilmirlər. Gərək, Nazirlər Kabinetinin bu haqda xüsusi qərarı olsun. Çünki alınan buğda dövlət vəsaiti hesabına əldə olunub”.

V.Məhərrəmov hesab edir ki, daxili bazarda buğdanın qiymətinin enməsinə məqsədli şəkildə imkan yaratmırlar: “Çünki məmurlar özləri də artıq buğda istehsalçısına çevriliblər. Misal üçün “Gilan” buğda istehsal edir və Dövlət Fonduna satır. Ona görə də buğdanın qiymətinin enməsində maraqlı deyillər. Belə olan halda unun və bir çox yerlərdə çörəyin də qiyməti artıb. Son zamanlar 5 çörək zavodu istifadəyə verilib, bu zavodlarda fərqli çeşiddə çörək istehsal edərək, qiyməti süni olaraq  artırırlar. Sadəcə, çeşidlər çox  olduğundan alıcılar bunu hiss etmir. Əvvəllər 350-380 qram olan çörəyin qiyməti 30-35 qəpik idisə, indi 50 qəpiyə təklif olunur. Beləliklə, monopolistlər bu formada manipulyasiya edərək gəlirlərini artırırlar”.

Ana səhifəXəbərlər“Daxili bazarda buğdanın qiymətinin enməsinə məqsədli şəkildə imkan yaratmırlar”