Siyasi fəal başına gələnlərlə bağlı açıqlama verib
Siyasi fəal Daşqın Ağalarlı Polşanın Qdansk (Gdansk) Hava Limanında İnterpol tərəfindən saxlanılması ilə bağlı açıqlama verib.
Daşqın Ağalarlı bildirib ki, o, yanvarın 6-da Düsseldorf – Qdansk – Oslo reysiylə Norveçə dönərkən Polşa sərhəd xidməti tərəfindən elə təyyarədəcə həbs
olunub
:
“Dərhal aeroportun təhlükəsizlik xidmətinə gətirildim. Əşyalarım və telefonum alınmamış bir neçə dostumu və hüquq müdafiəçisini məlumatlandıra bildim. Və az sonra öyrəndim ki, Varşavadan verilən göstərişə görə mən birbaşa deportasiya olunmalıyam”.
Daşqın Ağalarlı deyir ki, telefonu alınmazdan öncə etdiyi müraciətlərin xeyri olub. Hüquq müdafiəçilərinin, mətbuatın və diplomatik korpusun məsələyə müdaxiləsi gecikməyib:
“Varşavadakı Helsinki fondu, əslən polşalı hüquq müdafiəçisi Anna Zamejc və kimliklərini bilmədiyim bir neçə nəfər aeroport sərhəd və təhlükəsizlik xidməti ilə davamlı əlaqədə oldular. Azərbaycanın Polşa səfirliyinin iki əməkdaşı da şüşə arxasında bayram əhval- ruhiyyəsində dayanmışdılar. Mənə onlardan biri ilə görüş də təklif olundu. Mən yalnız Norveç konsulluğunun nümayəndəsi ilə görüşə biləcəyimi dedim”.
Daşqın Ağalarlı deyir ki, iki saatlıq gərginlikdən sonra aeroportdakı ekstradisiya qrupunun rəhbəri onun ekstradisiyasına yalnız prokuror və məhkəmənin qərar verə biləcəyini bildirib. Bundan sonra onu təcridxanaya göndəriblər:
“2 gündən sonra 2 aylıq həbs qərarı ilə məhkəməyə çıxarmaqmı, yoxsa polşalı bir şəxsin zənanətinə buraxılmaqmı – məsələsinin müzakirəsi də xeyli çəkdi. Məni zəmanətinə götürmək istəyən Helsinki Komitəsinə bildirdilər ki, yalnız Polşada yaşayan və etibarı şübhə doğurmayan şəxsin zəmanətinə verilə bilərəm. Hər hansı təşkilatın yox. Bu problemi də Qənimət Zahid həll etdi. Onun təlimatı ilə təcili Qdansk regional prokurorluğuna gələn AND təmsilçisi Kənan bəyin zəmanətinə verildim”.
Daşqın Ağalarlı deyir ki, Qdansk prokurorluğu və vəkili Thomas Snarskinin iştirakı ilə istintaqa problem yaşatmayacağı və istintaqa mane olan açıqlamalar verməyəcəyi barədə öhdəlik götürüb:
“Eyni zamanda, Polşanı tərk edə bilmərəm”.
Daşqın Ağalarlı daha öncə də – 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı. Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək, onu İnterpol xətti ilə axtarışa vermişdi. Daşqın Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi Şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamları təsdiqlənmədiyindən, onu azadlığa buraxmışdı.
Daha sonra Daşqın Ağalarlıya Gürcüstandan deportasiya ediləcəyi ilə bağlı məlumat verilmişdi. O, bundan sonra Gürcüstanı tərk edib, Avropaya getmişdi.
Daşqın Ağalarlı iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə isə Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.
Britaniyadakı Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil analitik mərkəzin 2016-cı ildə açıqlanmış hesabatında da Ağalarlıdan bəhs edilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarına görə təqib edildiyi vurğulanırdı.