“Daş yuxular” ingilis dilində dünya auditoriyasına təqdim olunacaq

Kitabın “Yəmən” və “Möhtəşəm tıxac” adlı romanlarla birlikdə trilogiya şəklində nəşr olunacaq

Source:
əkrəm Əylisli (Foto: Eurasianet – Joshua Kucera)
əkrəm Əylisli (Foto: Eurasianet – Joshua Kucera)


Kitabın “Yəmən” və “Möhtəşəm tıxac” adlı romanlarla birlikdə trilogiya şəklində nəşr olunacaq

Beş il əvvəl Əkrəm Əylisli bəlkə də Azərbaycanda adı ən çox dilə düşmüş adam idi. O, “Daş yuxular” romanı çıxdıqdan sonra ermənilərə qarşı simpatiya bəsləməkdə və öz millətinə qarşı xainlik etməkdə ittiham olunaraq, dövlət tərəfindən təşkil olunan qaralama kampaniyasına məruz qaldı. Buna cavab olaraq xaricdən dəstək çox güclü idi və görkəmli alimlərin beynəlxalq qrupu onu Nobel Sülh Mükafatına namizəd göstərdi.

Bu gün 80 yaşlı Əylislinin həyatı sakit keçir. Ona qarşı etirazlar uzun müddətdir dayandırılıb və indi onun adı nadir hallarda mətbuatda hallanır. O, Bakının mərkəzində yerləşən mənzilindən nadir hallarda çıxır və müxbir onunla evində danışanda səssizcə rus dilində tarix kanalı “History channel”-ə baxırmış.

Ancaq o və “Daş yuxular” əsəri yenidən gündəmə gəlmək üzrədir. Kitabın ingilis dilində tərcüməsi “Yəmən” və “Möhtəşəm tıxac” adlı romanlarla birlikdə trilogiya şəklində nəşr olunacaq. “Eurasianet”-ə müsahibəsində Əylisli yeni nəşrlərə böyük ümid bəslədiyini deyib. O, “əsərlərin rus dili variantı olsa da, ingilis dilində fərqli bir şey var”- söyləyib.

“Kitab öz auditoriyasını, oxucularını tapırsa, hansısa bir yolla bəzi ölkələrdə rezonans doğurursa, bu, mənim gücüm, ölümsüzlüyümdür” – yazıçı deyib.

Əylisli əlavə edib ki, ona narahatlıq yaradan hakimiyyət yaxşı bilir ki, onu fiziki cəhətdən məhv etmək çox asandır: “Ancaq mənən çox gücsüzdürlər”.

Əylisli bir zamanlar Azərbaycanın ən məşhur yazıçılarından biri idi. O, Sovet İttifaqı və müstəqil Azərbaycan dövlətinin lehinə olub. Onun əsərləri məktəbdə tədris olunub və o 2005-2010-cu illərdə parlamentin üzvü seçilib.

Lakin mübahisələr 2013-cü ildə “Daş yuxular” romanının tərcüməsinin “Xalqlar dostluğu” (“Дружба народов”) adlı rus ədəbi jurnalında dərc olunmasından sonra başlayıb. Romanda hadisələr Əylislinin doğulduğu, I Dünya Müharibəsi dövründə ermənilərin öldürüldüyü və qovulduğu Naxçıvanın qədim Əylis kəndində və Sovet İttifaqının dağılması ilə ermənilərin qətliamlara məruz qaldığı Bakıda baş edir.

Əylislinin “Daş yuxular” romanındakı bir qəhrəmanı deyir ki, ”

əgər qətlə yetirilən hər erməni üçün bir şam yandırılsaydı, o şamların şəfəqi ayın işığından daha parlar olardı”.

Əylisli deyir ki, “Daş yuxular”da azərbaycanlılar müsbət təsvir olunur. Belə ki, humanistlər əxlaqi dəyərlərə sahib çıxmağa çalışdığı halda, ətraflarındakı digər adamlar milliyyətçi nifrət və təcavüzlərə boyun əyiblər.

“Mən nifrətlə yazmamışam, sevgiylə yazmışam”,- deyə Əkrəm Əylisli “Eurasianet” -ə bildirib.

“”Daş yuxular” romanının əsas mövzusu siyasi əxlaqsızlığı milli fikrə çevirdiyi üçün özünə cəmiyyət içərisində yer tapa bilməyən və bu səbəbdən zamana qarşı təkbaşına dayanan əsas qəhrəmanın faciəsidir” – Əylisli ingilis dilindəki nəşrə ön söz olaraq yazıb. (Bu məqaləni yazan müxbir eyni zamanda yeni nəşrin ön sözü üçün də köməklik göstərib- red).

Əylisli iddia edir və bir çoxu da razılaşır ki, problem “Daş yuxular” və onun ermənilərə göstərdiyi səmimi rəğbət deyil, problem trilogiyadakı “Möhtəşəm tıxac” adlı romandır. Bu kitabdakı diktator obrazı müasir Azərbaycanın banisi kimi qeyd olunan, prezident İlham Əliyevin atası Heydər Əliyevə çox yaxından bənzəyir.

Halbuki, Azərbaycanda erməni əleyhadarlarını Əliyev tərəfdarlarına nisbətən manipulyasiya etmək daha asandır və Əylisliyə qarşı kampaniya bütün Azərbaycana yayıldı, çox sayda insan onun kitablarını yandırdı, ona qarşı piketlər keçirdilər. Bir siyasətçi Əylislinin qulağını kəsən və ona aparan şəxsə 10 min dollardan çox pul mükafatı verəcəyini dedi. Digərləri həqiqətən azərbaycanlı olub-olmadığını müəyyənləşdirmək üçün Əylislinin qan testindən keçməyini istədi.

Əliyev Əylislidən danışaraq, “Böhtan dolu sözlərlə

Azərbaycan tarixini qəsdən təhrif etdiyini” söylədi, Əylislinin Xalq Yazıçısı titulunun geri alınması və tanınmış sənətkar kimi aldığı xüsusi təqaüdün ləğv olunması üçün fərman verdi.

 “Bu, ruhi xəstəlik idi ” – Əylisli o günləri xatırlayaraq” Eurasianet”-ə danışır:

“Bu, çox dəhşətli enerji, şeytan qüvvəsidir”.

Yazıçı deyir ki, bu yaşda olmasaydı, bu hadisə ona ilham ola bilərdi:

“Mən deməliyəm ki, qarşı çıxdığım cəmiyyətin ikiüzlülüyü də çox şeyi dəyişdi. Təəssüf ki, mən 80 yaşındayam. 60 yaşında olsaydım, ən yaxşı əsərlərimi bundan sonra yazardım. Bu, bütün bunları müşahidə etmək üçün dərs oldu. Ancaq gecdir”.

Ermənistanda kitab üçün təşkil olunan dəvət də hadisələrə kömək etmədi. Kitab orada həvəslə qarşılandı, erməni və ingilis dilində variantları bir neçə qeyri-rəsmi şəkildə dərc olundu. Ancaq heç bir erməni yazıçı Əylislinin jest olaraq ermənilərin azərbaycanlılara törətdiyi cinayətləri araşdırmaq çağırışına cavab vermədi.

“Bu roman Qarabağda yaşayan ermənilərə, başqa sözlə, Azərbaycanın erməni vətəndaşlarına bir mesajdır” – Əylisli 2013-cü ildə Azadlıq Radiosuna verdiyi müsahibəsində bildirib:

 “Mesaj budur: Düşünməyin ki, biz sizə etdiyimiz bütün pis şeyləri unutmuşuq. Biz bunu qəbul edirik. Siz də bizə pislik etmisiniz. Bu pis şeyləri yazmaq erməni yazıçılarının işidir”.

Lakin Əylisli indi Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə ürəkləndiyini söyləyir.

“O, köhnə ideologiyanı yox etdi”, – Əylisli dedi:

“Başlanğıcda hələ nəticə olmasa da, maraqlıdır və o, maraqlı insandır. Nəticədən asılı olmayaraq bütün bunlar sona çatacaq və bu həvəsləndirici faktordur”.

Əylisli hələ də yazır. Onun “Süsənlərin yetişmədiyi yer” (Там, где ирисы не растут”) adlı hekayəsi 2015-ci ildə “Xalqlar dostluğu” (“Дружба народов”) jurnalında dərc edilib.

“Buna heç bir reaksiya olmadı”, – o deyir.

O, nadir hallarda evdən çıxır və onu tanıyanlar tərəfindən isti qarşılandığı deyir. Lakin əksər hallarda, “mən tamamilə cəmiyyətdən təcrid olunmuş yaşayıram. Tamamilə. Mən sürgündə kimiyəm”,- söyləyir.

Onun sözlərinə görə, yeni tərcümə bu təcrid olunmanı aradan qaldırmaq üçün bir vasitədir. “Mənim taleyim, məlum olduğu kimi, artıq beynəlxalq ictimaiyyətdən asılıdır” – deyə o müsahibəsində bildirib:

“Mən bunu istəmədim. Lakin bu, belə oldu”.

Məqalə ”

Eurasianet

” saytında, Joshua Kucera adlı müəllif tərəfindən yazılıb. Meydan TV tərəfindən tərcümə olunub.

Ana səhifəXəbərlər“Daş yuxular” ingilis dilində dünya auditoriyasına təqdim olunacaq