DAS siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib

Təşkilat bildirir ki, bir sözlə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması ancaq sözdə əskini tapıb.

Source: Meydan TV


Aksiya Nürnberqdə BMT-nin ofisinin önündə baş tutub

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı Almaniyanın Nürnberq şəhərində BMT-nin ofisinin önündə “Siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirib.

Bu barədə Meydan TV-yə DAS-dan məlumat verilib.

Aksiya bu gün, iyunun 4-də olub.

BMT-nin və “Nürnberger Nachrichten” qəzetinin ofisinin önündə baş tutan aksiyada iştirakçılar “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələbləri səsləndiriblər.

DAS təşkilatının sədr köməkçisi Alış Abdullayev bildirib ki, Azərbaycanda hər gün insan hüquq və azadlıqları kütləvi şəkildə pozulur.

Onun sözlərinə görə, ölkədə bu sahədə vəziyyə günü-gündən pisləşir: “Azərbaycan hakimiyyəti insanların şərlənib tutulmasını ənənəyə çevirib. Günahsız insanlar işgəncələrə və həbslərə məruz qalır. İşgəncədən ölənlərin sayı da artıb”.

Alış Abdullayev deyib ki, 2017-ci ildə hərbçilərə qarşı “satqınçılıq” adı altında aparılan istintaqda 101 nəfər hərbçi işgəncədən zərərçəkmiş kimi tanınıb. Onlardan 11 nəfəri elə istintaq prosesində işgəncə nəticəsində öldürülüb: “Halbuki Azərbaycanda 1998-ci ildən ölüm hökmü ləğv edilib. İşgəncə alan hərbçilərdən 25 nəfəri hazırda həbsdədir. İşgəncə nəticəsində öldürülən hərbçilərdən 5 nəfəri məhkəmənin qərarıyla bəraət alıb. Müdafiə Nazirliyinin 10 nəfər əməkdaşı isə bu işgəncələrə görə həbs edilib. İşgəncələr Əleyhinə Komitə 2021-ci ilin aprelində 2017-ci ildə hərbçilərə qarşı törədilmiş işgəncələrlə bağlı hesabat da açıqlayıb”.

Alış Abdullayev siyasi partiya üzvlərinin, ictimai fəalların da həbslərə məruz qaldığını vurğulayıb: “Bundan başqa Müsavat Partiyasının fəalı Nizaməli Süleymanov və onun qardaşı oğlu Akif Süleymanov Bakının Suraxanı Rayon Məhkəməsi hakim Elnur Nuriyevin aprelin 5-də çıxardığı qərarla 20 sutka inzibati həbsə məhkum edilib. Həbsdən sonra isə onlar narkoloji dispanserdə məcburi müalicəyə göndəriliblər”.

Təşkilat bildirir ki, bir sözlə, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması ancaq sözdə əskini tapıb.

Aksiya təşkilatçılarından olan DAS üzvü Zöhrab Təmrazov isə bildirib ki, artıq Azərbaycanda ənənəvi insan hüquqları problemlərinin – azad seçki, ifadə azadlığı, plüralizm, sərbəst toplaşmaq hüququ və s. pozulmasından danışmırlar. Çünki bu kimi çatışmazlıqlar baş verənlərin fonunda bəsit olay kimi görünür: “İnsanlar öldürülür, polis bölmələrində və istintaq otaqlarında ittiham olunanlara işgəncə verilir, insanların şəxsi həyatına müdaxilələr edilir. Bundan savayı, dünya mətbuatında Azərbaycan hökumətinin Avropa Parlamentinin deputatlarıyla korrupsiya sövdələşmələrindən yazılır”.

Sonda aksiya iştrakçıları öz tələblərini səsləndirərək mitinq iştrakçılarının müraciətini BMT-nin Nürnberq nümayəndəliyinə və “Nürnberger Nachrichten” qəzetinə təqdim ediblər.

Həmin tələblər bunlardır:


  • İnsanların şəxsi həyatına müdaxilələr aradan qaldırılsın;

  • Hərbçilərə edilən işgəncələrin ədadlətli və obyektiv araşdırılması üçün siyasi hakimiyyət siyasi iradə göstərməlidir;

  • Siyasi azadlıqların və demokratik dəyərlər tətbiq edilsin;

  • Siyasi fəallara qarşı həyata keçirilən işgəncə, təzyiq və qeyri-insani rəftar aradan qaldırılsın;

  • Azadlıqdan məhrumetmə yerlərinə yerli və beynəlxalq mütəxəssislərin daxil olmasına şərait yaradılsın.

Təşkilat bununla yanaşı, Avropa Şurası, ABŞ, Almaniya Federativ Respublikası və digər dövlətlərdən Azərbaycanda siyasi repressiyaları həyata keçirən məmurlara qarşı sanksiya tətbiq etmələrini tələb edib.

Ana səhifəSiyasətDAS siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib