”İcra hakimiyyətindən deyilib ki, sakit dayanmasam, ailə üzvlərinin başı ağrıyacaq”
Avropada fəaliyyət göstərən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının koordinatoru Rafiq Təmrazov təzyiqə məruz qaldığını deyir. Bu barədə açıqlama yayan koordinatorun sözlərinə görə, DAS aktivliyini artırandan sonra Azərbaycan hökuməti tərəfindən ailəsinə qarşı təzyiqlər də çoxalıb:
“Ailənin qeydiyyatda olduğu rayonun icra hakimiyyətindən qardaşıma deyilib ki, əgər sakit dayanmasam onların başı ağrıyacaq. Digər ailə üzvlərim də bu cür hədələnib. Anam buna görə gərginlik yaşayır. Onun mənə zəng vurması və gərginlik keçirməsi həm də digər ailə üzvlərimin təzyiqə məruz qalmasının nəticəsidir. Əslində mənim anam həm zəhmətkeş insandır, həm də hər çətinlikdən qorxan qadın deyil. Sadəcə qardaş və bacılarımın da təzyiqə məruz qalmasına, eləcə də mənim susdurulmağıma hesablanmış təhdidlərə görə anam bu cür reaksiya verdi. Mən isə anama dedim ki, heç kimi təhqir etməmişəm. Azərbaycanda demokratik dəyərlərin sıradan çıxması, insan hüquqlarının pozulmasıyla bağlı, o cümlədən siyasi məhbuslarla bağlı fikirlərimi söyləmişəm və hesab edirəm ki, dediyim fikirlər həqiqətəuyğundur. Anama dedim ki, bu fikirlərə görə nə sən, nə də başqa bir şəxs heç bir məsuliyyət daşımır”, – hazırda Avropada mühacir həyatı yaşayan R.Təmrazov deyir.
DAS koordinatoru təzyiqin detallarını açıqlamayıb.
R.Təmrazovun fikrincə, bütün bunların baş verməsinin iki səbəbi var. O hesab edir ki, bu DAS təşkilatının aktiv fəaliyyət göstərməsi və Avropada bir qrup siyasi aktivlərin burada cəmlənməsilə bağlıdır:
“Son aylar bir neçə aksiyanın DAS təşkilatının təşəbbüsü və dəstəyilə keçirilməsi təbii olaraq Azərbaycan hakimiyyətini ciddi narahat edib. İkinci səbəb də noyabrın 15-də Regensburq şəhərində, İnzibati Məhkəmənin qarşısında təşkil olunmuş aksiyadakı çıxışımır. Həmin çıxış sosial şəbəkələrdə yayılıb və hökumət təmsilçiləri məni susdurmaq qərarına gəliblər”.
R.Təmrazovun sözlərinə görə, DAS-ın əksər üzvlərinin ailəsinə qarşı da oxşar təzyiqlər var.
DAS Avropada yaşayan mühacir azərbaycanlılar tərəfindən yeni yaradılmış ictimai-siyasi təşkilatdır.