Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiyanı ilhaq etmək hüququnun olmadığını bildirib. O, ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın “milli təhlükəsizlik üçün vacib” olduğu barədə son bəyanatlarına cavab verib.
Frederiksen vurğulayıb ki, ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi ilə bağlı müzakirələr “tamamilə mənasızdır”:
“ABŞ-nin Danimarka Krallığına daxil olan üç ölkədən hər hansı birini ilhaq etməyə heç bir haqqı yoxdur”.
Danimarka Krallığı üç özünüidarəetmə subyektindən ibarətdir: Danimarka, Farer adaları və Qrenlandiya. Bu ərazilər vahid suveren dövlət çərçivəsində birləşir və xarici siyasət, müdafiə və valyuta məsələlərini birlikdə idarə edirlər. Bununla belə, Farer adaları və Qrenlandiya geniş muxtariyyətə malikdir.
Frederiksen həmçinin ABŞ-ni tarixi müttəfiqinə qarşı təhdidlərə son qoymağa çağırıb və əlavə edib ki, “Qrenlandiya xalqı çox aydın şəkildə bildirib – onlar satılmır.”
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen də Trampın açıqlamalarını sərt tənqid edib. O, ABŞ Prezidentinin Qrenlandiyanı Venesuela ilə eyni kontekstdə və hərbi müdaxilə ilə əlaqələndirməsini “yanlış və hörmətsiz” adlandırıb.
Tramp 2025-ci ildə yenidən prezident postuna qayıtdıqdan sonra Qrenlandiyanı ilhaq etmək niyyətini dəfələrlə dilə gətirib və bu məqsədlə hərbi gücdən istifadə ehtimalını da istisna etməyib. Son bəyanatlarında o, Qrenlandiyanın “Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu” deyərək, adanın ABŞ müdafiəsi üçün zəruri olduğunu bildirib.
Gərginlik Venesuelada ABŞ hərbi əməliyyatından sonra daha da artıb. ABŞ-nin yüksək vəzifəli rəsmisi Stiven Millerin həyat yoldaşı Keyti Millerin sosial şəbəkədə Qrenlandiyanın ABŞ bayrağı rənglərində xəritəsini paylaşaraq “TEZLİKLƏ” sözünü yazması narazılığa səbəb olub. Qrenlandiyanın Baş naziri bu paylaşımı “hörmətsiz” adlandırsa da, panikaya əsas olmadığını bildirib.
Danimarkanın Vaşinqtondakı səfiri Jesper Möller Sorensen isə ABŞ və Danimarkanın yaxın müttəfiq olduqlarını xatırladaraq, tərəfləri əməkdaşlığı davam etdirməyə çağırıb.
Tramp dekabrın 21-də Luiziana ştatının qubernatoru Ceff Landrini Qrenlandiya üzrə xüsusi elçi təyin edib. Landri Trampın Qrenlandiyanın ilhaqı ideyasını açıq şəkildə dəstəkləyir.
Qrenlandiya Avropa ilə Şimali Amerika arasında strateji mövqeyə malikdir və ABŞ-nin ballistik raketdən müdafiə sistemində mühüm rol oynayır. Ada eyni zamanda zəngin mineral ehtiyatlara sahibdir. Bununla belə, 2009-cu il razılaşmasına əsasən müstəqillik hüququ olsa da, Qrenlandiya iqtisadi baxımdan Danimarka subsidiyalarından asılıdır.