Дамы и господа, мы горим!

Jek müdiri simvol kimi…

Source:

Dəhşətin 3-cü gününü də yaşadıq. Bütün bu günlərdə beynimdə Mozart’ın ölümündən bir qədər öncə qələmə aldığı Requiem’də, cəhənnəmin sanki allegorik ifadəsi olan dəhşətli 3-cü hissəsinin 5-ci bölümü –

Confutatis maledictis flammis acribus addictis

(“Sərhəddsiz odlara məhkum edilmişlər”) xoru səslənirdi…

Bakının otrasındakı bu ən böyük və faicəli məşəlin simvolik mənası çox dərindir, bu haqda Günel artıq



yazmışdı

.


Bu faciəli məşəlin işığında, hansı qurbanlar bahasına kimlərin sifətləri necə işıqlandı, necə yandı, necə külə döndü, hansı qaranlıqlar işıqlandı, sanki lap məşhur misralarda deyildiyi kimi:

“Qəfil gün doğsa bir gecə, dünya düm ağ işıqlansa…


Min-min gizli günah görsək, üstünü örtə bilməsə, bu dünyanı çılpaq görsək, başımıza hava gələr, ağlımız çaşar bəlkə də.”

Görəsən bundan sonra da kimlərəsə, nələrisə sübut etmək lazımdırmı? Əgər lazımdırsa, görəsən daha necə və neçə məşəllərin yanması, neçə və necə qurbanların verilməsi lazımdır bütün qaranlıqların aydınlıqlara çıxması üçün?..

Bu misilsiz faicə fonunda, gözlərimiz önündə baş verən ictimai məzhəkələri görəndə xatirimə istər-istəməz 2009-cu ilin dekabrında Rusiyada, Perm şəhərindəki “Хромая лошадь” (“Axsaq at”) klubundakı yanğın gəlir. O zaman bu dəhşətli faciədə 156 insan məhv olmuş, 234 nəfər ağır xəsarət almışdı. Qurbanların bu qədər çox olması klubdakı evakuasiya problemi ilə bağlı olmuşdu. Məsələ burasında idi ki, orada yanğın başlayanda, klubun aparıcısı, yerli ulduz olan məzhəkəçi-şoumen dəhşət içində “Дамы и господа, мы горим!” (“Xanımlar və cənablar, biz yanırıq!”) qışqıranda bunu içəridə əylənən və qərs edən kütlə onun növbəti zarafatı kimi qəbul edərək gülüş və fit səsləri ilə müşaiyət etmişdi, bu sözlərin həqiqiliyi isə bir kimsənin ağlına gəlmədiyindən sonrakı çaxnaşmada böyük insan təlafatı baş vermişdi.

O zaman bu ifadə sanki alleqorik bir obraz kimi xatirəmdə qaldı – “Дамы и господа, мы горим!”

Dünən də başqa bir xəbər gəldi ki, bunlar (baş verən iclaslar-müşavirələr) heç də boşuna deyilmiş, sonunda çox böyük nəticə hasil olunub, nəhayət ki, ədalət zəfər çalıb – 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov barəsində  4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sosial şəbəkələrdə bunu müzakirə edən insanlarsa bilmir gülsün, yoxsa ağlasın.

Amma əslinə qalsa, bütün baş verən iclaslar, müşavirələr, “razborkalar” nəticəsində həbs edilən jek müdiri məsələsinə çox da istehza ilə yanaşmaq əbəsdir. “Jek müdiri” əslində bizim cəmiyyətin arxetipik ümumiləşdirilmiş obrazıdır. Bu ölkədə istənilən sahədə özünün “jek müdiri” var. Az qala bütün sosial liftlərin hermetik qapalılığı şəraitində kütləvi surətdə boğulma simptomları keçirən cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin ekzistansial və yeganə çıxış yolunu məmur olmaqda görməsi əsla təəccüblü deyil. Elə bu səbəbdən də bu toplumun bütün mərtəbələri və istənilən sahəsi oranın öz “jek müdirləri” ilə doludur. Baş verən faciənin miqyası və onun qarşılanması da, ən yüksək vəzifələrdə oturanlardan üzü aşağı az qala hamısının sadəcə bir “jek müdir”i səviyyəsində olduğunun bariz sübutu idi.

Görəsən bu “jek müdir”lərinin ölkəsində daha nələrin baş verməsini gözləmək lazımdır, İlahi?

“Дамы и господа, мы горим!”

Ana səhifəMənim FikrimcəДамы и господа, мы горим!