Türkiyə… Türkiyə… Qürurumuz, ümidimiz, güvənimiz və… artıq həm də dərdimiz. Məsələ təkcə son aylarda olan terrorlarda deyil. Terror başqa ölkələrdə də olur. Faşizmdən uzaq insanların eşitdikləri bütün terrorlara ürəkləri yanır. Türkiyə özümüzünküdür deyə, bir başqa ürəyimiz yanır.
Amma “dərdimiz” deyəndə, nəzərdə tutduğum tək bu deyil. Türkiyə tək Azərbaycanın, yaxud türk xalqlarının yox, müsəlman Şərqinin gözünü dikdiyi ümid, xilas olub son 100 ildə. Gənc Türklər İnqilabı başlayanda Şərqin tərəqqipərvər təbəqəsi ümid etdi ki, özünə xilafət deyən dövlət modernləşər, inkişaf edər, bir sözlə, islam dünyasına tərəqqi, modernizm yolunda mayak olar. Az qala bütün ümidlər batacaqdı ki, Atatürk çıxdı ortaya.
Atatürk diktator idi, amma onun qoyub getdiyi dəyərlər sistemi sekulyar respublikanı qorudu. Atatürk heçdən Türkiyə Cümhuriyyətini yaratdı. O, elə ziddiyyətli adamdır ki, diktator ola-ola onun qoyduğu dəyərləri müdafiə etmək – Türkiyədə demokratiyanı müdafiə etmək anlamına gəlir.
Çoxlu eniş-yoxuşlarla Türkiyə bu dəyərlərə sadiq olaraq, davam edirdi. Ta ki, 2002-də siyasi islamçıların qələbəsinə qədər. Artıq 14 ildir ki, hakimiyyətdədirlər. Türkiyənin bəlası halına gəliblər. Hakimiyyətlərini itirməmək üçün terrordan, tutmuş dövlətin əsaslarını sarsıtmağa qədər bütün yollara baş vurdular və ya baş vurmaq potensialında olduqlarını nümayiş etdirdilər. Türkiyə cəmiyyətini başına götürmüş populizm, cahillik, savadsızlıq isə onlara hər dəfə seçkidə qalib gəlmə imkanı verir. Səs itirəndə də zorakılığa, qorxuya müraciət edirlər.
1 əsrdən çoxdur, islam Şərqinin ümidi, mayakı roluna iddia edən, milyonlarla insanın mübarizəsində “ən azı Türkiyə kimi olaq” ünvanının sahibi olan dövlət indi bir qrup gerizəkalı korrupsionerin əlində aciz qalıb. Demokratiyanın zəif nöqtələrindən biri də seçkinin dəyərləri müdafiə edə bilməmə ehtimalının olmasıdır. 1933 Almaniyasında olduğu kimi Türkiyədə də bu ehtimal ard-arda reallaşır, təəssüf ki. Ölkəni mövhumatın, cəhalətin, korrupsiyanın, get-gedə artan hüquqsuzluğun, indi isə terrorun qucağına atan bir hakimiyyət 14 ildir ki, Atatürk dəyərlərini öldürməklə məşğuldur.
Amma pis xasiyyətlər kimi, kütlənin yaxşı xasiyyətləri də qalıcıdır, silmək çox çətindir və uzun zaman, gərgin, planlı, ardıcıl iş tələb edir. Ərdoğan da Atatürk dəyərlərini – respublikanı, sekulyarizmi, demokratiyanı silmək üçün planlı surətdə, ardıcıl olaraq, gərgin şəkildə 10 illərdir ki, çalışır. Amma “uzun zaman” qrafası ödənilməyib hələ. Atatürkə sadiq türklər müqavimətdədir. Beyinləri dəyişmək olmur hələ ki. Hər kəs normal müxalifət gözləyir. Müxalifət də bu azğın cəhalətin, yırtıcı populizmin qabağında hələ ki, acizdir. Kürdlərin səsini AKP-dən müxalifətə yönəldə bilmək gücündə olan HDP-nin rus qoltuğuna sığınması, terrorun yanında olması ən çox Ərdoğanın işinə yaradı…
2011-dən sonra Ukrayna inqilabına qədər demokratiya dalğası dünyanı vurdu. Bugünlərə qədər də davam etdi – Gürcüstan, Ukrayna, Tunis, Venesuela, Myanma… Amma dalğadan sonra həmişə az da olsa, eniş gəlir (çünki yeni dalğa gələcək). 2010-ların əvvəllərində artıq bu eniş arxadan – Avropadan gəlirdi. Macarıstanda Orban, Çexiyada Zeman bu enişin ilk qaranquşları idi. Artıq dalğa keçib, biz xırda enişi yaşayırıq. Demokratiyanın keçici böhranı baş verir hazırda. Rusiya və onun satellit diktatorları, Şərqi Avropanın geriçi kəsimi, Trump və onun küyçü kütləsi, eləcə də Türkiyədə “xilafət, islam diktaturası” istəyini get-gedə açıq ifadə edən gerizəkalı kütlə və onları oynadan korrupsioner hakimiyyət bu enişin özəyidir. Yeni dalğa toparlanır və tezliklə gələcək, amma ona kimi bu qruplar at oyanadacaq, proqressiv, passionar insanlar bütün dünyada əndişə içində olacaq, bir çoxu hətta elə biləcək ki, artıq liberalizm, demokratiya süqut edir.
Lakin liberalizm həmişə dalğa-dalğa gəlib, bir böyük ərazini götürüb, bir az gözləyib, sonra yeni həmlə, yeni ərazilər. Növbəti həmlədə demokratiya, liberalizm dalğası Azərbaycanı da götürəcək. Demokratiya artıq sərhədlərimizdədir.
Yazının əvvəlində də “dərdimiz” dediyim budur. Demokratiya, dəyərləri qoruyan cəmiyyət dərdimiz. Bizə gəlib çatmayan dalğada demokratikləşən ölkələrin taleyinə baxırıq və narahatıq. Ukraynada, Gürcüstanda və bir çox cəhətdən bizə daha yaxın Türkiyədə dəyərlərin qələbəsini gözləyirik. Gözləyirik ki, növbə bizə də çatsın.