Dairə qapanır?

Son hadisələr göstərir ki, Şərq ağacına Qərb budağının peyvəndi çox mürəkkəb və tarixən uzun zaman tələb edən bir prosesdir

Source:

Son hadisələr göstərir ki, Şərq ağacına Qərb budağının peyvəndi çox mürəkkəb və tarixən uzun zaman tələb edən bir prosesdir

Türkiyədə 15 iyul qiyam cəhdinin iflasından sonra bu barədə müxtəlif mülahizələr səsləndirildi. Hadisənin təfərrüatı araşdırıldı, iştirakçıların gələcək taleləri arındı. Mürəkkəb hadisə fərqli və qəliz yanaşmalara səbəb oldu. Müzakirələr vaxtı “ərəb baharı”nın da adı çəkildi. Kimsə “türk baharı” ifadəsini işlətdi. Məncə, bu ifadə kələfin ucu olmağa layiqdir.

Türkiyə tarixində Rusiya tarixinin Birinci Pyotru qədər qətiyyətli islahatçı olmuş Mustafa Kamal Atatürkün siyasi mirası və bu mirasın keşikçisi olan Türkiyə ordusu 15 iyul qiyam cəhdindən sonra dərin təbəddülata uğramaya bilməz. Bu hadisənin təsadüfi olmadığına isə ariflər əmindirlər. Zira təbiət hadisələrinin də, kim də bunun əksini iddia etsə də, ictimai hadisələrin də öz qanunauyğunluqları var. Şərq son iki yüz ildə islam dünyasının dərdlərinin çarəsi kimi Qərb məlhəmlərini sınaqdan keçirdi və əmin oldu ki, onlar dərdə çarə qılmır. Şərq dübarə öz kəndinə qayıtmağa cəhd etdi və edir. Son “darbə” cəhdinin iflası da bunun ifadəsidir.

Bu təcrübədə hələlik xoşbəxt istisnalar tapılır. Məsələn, Tunisin ilk və ömürlük (!?) prezidenti Həbib Burqibanın qurduğu Qərbsayaq dövlət modelinin də öz keşikçisi var idi. Bu keşikçinin adı əd-Dustur (Konstitusiya) partiyası idi. Bu Sov.İKP-yə bənzər partiya Şərq islam dünyasının üzvi tərkib hissəsi olan Tunisdə Firəngistan modelini var gücü ilə qorumağa çalışırdı. Bu modelə qohumbazlıq, yerlibazlıq və rüşvətxorluq kimi milli mentalitet ünsürləri bol-bol əlavə edilirdi. Buna etiraz edən islamçı Rəşid əl-Ğənnuşi İngiltərəyə, insan hüquqlarının müdafiəçisi əl-Munsif əl-Mərzuqi isə Fransaya sürgün (bəh-bəh!) edilmişdilər. Təxminən 20 il davam etmiş bu məşəqqətli sürgün həyatının nəticəsində islamçı və solçu elə əhliləşmişdi ki, Tunisdə inqilabın qələbəsindən sonra keçirilmiş seçkilərdə əksəriyyət qazanmış islamçılar milli ənənəyə uyğun olaraq öz siyasi rəqiblərinin başlarını nəinki üzmədilər, hətta uduzmuş solçu lideri milli barış rəmzi kimi Tunisin prezidenti olmağa dəvət etdilər. İndinin özündə də, baxmayaraq ki, bəzi radikal terrorçular Tunisi zorakılıq yolu ilə bəxtəvər orta əsrlərə qaytarmağa cəhd göstərirlər, ölkə hələ də demokratiya və plüralizm xəttindən kənara çıxmır. Belə nadir istisna Qərbdə bəziləri çox sevindirir, bəziləri isə möhkəm dilxor edir.

Liviyada törədilən xətanı Qərbdə çoxu, hətta Barak Obama cənabları məşum bir səhv kimi etiraf etdilər. Yəni əl-Qəzzafinin qurduğu millətçi dövlət modeli Qərbin hərbi gücü ilə dağıdılandan sonra Liviya qayıtdı XV əsrə, tayfaların qaydasız döyüş dövrünə. 850 tayfa və qəbilə bölünüb-birləşib bir-biri ilə aramsız döyüşür. Əslində nöyüt pulları uğrunda gedən döyüşdə yuxarı qovzanmış bayraqlarda “İman və Ümmət” sözləri yazılıb. Liviyanın bir hissəsində İslam dövlətinin qurulması elan edilib. İndi Qərb sabiq əl-Qəzzafi tərəfdarlarına kömək edir ki, bu yeni xilafətin ipini çəkə bilsinlər.

Liviyada nə baş verir? Tarixin qanunauyğun axarının məcrasını ordu çevrilişi ilə müvəqqəti dəyişə bilmiş əl-Qəzzafi təcrübəsi dağıdılandan sonra Liviya cəmiyyəti qayıdır öz təbii inkişaf-tənəzzül məcrasına, yəni tayfa təəssübünün çiçəkləndiyi bir zəmanəyə. Bəlli olur ki, “Liviya milləti” deyilən şey süni imiş və bir həmlədən dağıla bilərmiş. Nə üçün bu təzahürün adını “ərəb baharı” qoymuşlar, mənə çatmır. “Ərəb xəzanı” daha çox yaraşmırdımı?

Gəlib çatdıq Misirə. Burada ordu əlaltından xalqı hakimiyyəti öz doğmaca oğlu Camala ötürməyə çalışan general Hüsni Mübarəkə qarşı qaldırdı. Millət töküldü ət-Təhrir (Azadlıq) meydanına, çığırdı, bağırdı, döydü, döyüldü, öldürdü, öldürüldü, xülasə, iş gəldi Qərbin təkidi ilə seçkiyə. Seçki Misirin 5 min illik tarixində ilk (və, çox güman ki, yeganə) dəfə olaraq saxtakarlıq olmadan keçirildi.

Xalq nə istədi? Qərbpərəst liberalları? Sosial ədalət tərəfdarı olan solçuları? Millətçi ən-Nasir çığırdaşlarını? Ordu generalını? Yox. Sosial örnəyi İran İslam Respublikası olan “müsəlman qardaşları”nın lideri Muhamməd əl-Mursini. Yəni sadə Misir xalqı göstərdi ki, “Nə Ğərbi, nə Şərqi, enqelabe islami!”

Ordu belə özbaşınalığa dözə bilməzdi, ortada milyardlar söhbəti var idi. Müəyyən düymələr basıldı, ordu qan tökmədən bu mükəmməl və sıxlaşmış cani cəmiyyəti islah etməyə çalışan prezidenti və onun təşkilatını devirib darmadağın etdi.

Misir təcrübəsi bizə nəyi göstərdi? Göstərdi ki, mütəşəkkil ordu və onun zorakı təsiri olmasa, “sadə xalq” Qərbin deyil, Şərqin arxaik sosial modellərinə üstünlük verməyə hazırdır.

Qərbin vaxtilə İraq Respublikası adlanan ərazidə həyata keçirdiyi ictimai mühəndislik təcrübəsinin üzdə olan nəticəsi budur ki, başına buraxılan müsəlmanlar dini partiyalara səs verməyə üstünlük verirlər. Əhalisinin əksəriyyəti şiə olan İraqda güya ki, hakimiyyətdə şiə hökuməti oturub ölkəni Qərbin dəyərli məsləhətləri ilə idarə edir. Hadisələrə İngiltərədə bir lordun komissiyasının o zamankı baş nazir Tom Blerin xalqı aldatması və qeyri-qanuni təcavüz nəticəsində saysız cinayətlərə yol açması barədə hesabatı heç bir təsir göstərə bilməz.

Yəməndə millətçi model də, sosialist modeli də iflasa uğrayandan sonra hakimiyyət uğrunda döyüş ixtiyarı keçib islamçı-tayfaçı birləşmələrin əlinə. Onu da qeyd etməyə dəyər ki, bu bölgədə vaxtilə xeyli at oynatmış rusların əvəzində cıdır meydanı indi Qərbə və onun yerli müttəfiqlərinə məxsusdur.

Suriyada general Hafiz əl-Əsədin qurduğu avtoritar millətçi laiq dövlət modeli Qərbdə (Londonda) yaşamış göz həkimi Bəşar əl-Əsədə çox doğma idi. Suriya qonşu mürtəce ərəb neft əmirliklərinə nisbətdə demokratiya zəmanəsinin bayraqdarı sayıla bilərdi. Təbii ki, burada milli mentalitetdən doğan qohumbazlıq, yerlibazlıq, məzhəbçilik və rüşvətxorluq halları əhvalatın Orta Şərq ölkəsində vaqe etdiyindən xəbər verirdi, lakin hansısa qəşş ediləsi hadisə baş vermirdi. Bəlkə də məhz bu adilik Qərbə ilham verdi ki, demokratiya bağıran üsyançılara həyan olsun və “əl-Əsəd getməlidir!” desin.

Nəticə nə oldu? Ölkədə beş ildir vətəndaş müharibəsi gedir. Yaxın Şərqin ən gözəl və ən abad ölkəsi xərabəzara dönüb. Beş milyon qaçqın və didərgin öz ağır yükünü qoyub dünyanın, ilk növbədə, qonşu Türkiyənin, Livanın, İordaniyanın və Avropanın belinə. Avropa Birliyi bu yükə dözməyib ləhləyir və çöküb-çatlayır. Türkiyənin özündə baş vermiş son hadisələrdə də Suriya amilinin təsirirni yalnız korlar və karlar dana bilər.

Bu yazının məqsədi nədir? 1991-ci ildə Əlcəzairdə demokratik seçkilərdə İslam Nicat Cəbhəsi qələbə çalanda və ordu işə qarışıb onu hakimiyyətə buraxmayanda vətəndaş müharibəsi başlandı. Müharıbə 2002-ci ilə qədər davam etdi. Təxminən 200 minə qədər insan öldürüldü. Elə həmin vaxt Amerikan diplomatı Edvard Derecyan dəbə düşmüş bir söz işlətdi: “İslam ölkələrində azad və ədalətli seçki ola bilər. İslamçıların qələbəsinə qədər. Bundan sonra seçki söhbəti qurtarır”.

Son hadisələr göstərir ki, Şərq ağacına Qərb budağının peyvəndi çox mürəkkəb və tarixən uzun zaman tələb edən bir prosesdir. Zor ilə calaq edilən budağ tutur, böyüyür, çiçəklənir, hətta meyvə verir… Hamı sevinir. Bir də gördün tarix spiralvarı dövrə vurub gətirdi islami tarixi irsin yeni şəraitdə qayıdışına. İranda olduğu kimi. İndi də biz bu cəhdi, çox güman ki, Türkiyə islamı nünunəsində görəcəyik.

Əlbəttə ki, seçkilər keçiriləcək, yəni mister Derecyan səhv edib. Ana Yasa da işləyəcək, amma xalqın tələbi ilə və onun dəruni istəyinə uyğun olaraq dəyişiləndən sonra…

Öz aramızdır, bolşevik inqilabının və təcrübəsinin iflası da həmin mətləbdən, tarixin qanunauyğunluqlarından xəbər verir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəDairə qapanır?