Daha üç rayonda icra nümayəndələri məsuliyyətə cəlb edildi

”Hər iki şəxsin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə dair də əsaslı şübhələr müəyyən olunub”.

Source: Архив


Yardımları mənimsəməkdə və karantin rejimini pozmaqda şübhəli bilinən şəxslərlə bağlı cinayət işi açılıb

Daha üç rayonun müxtəlif icra nümayəndəliklərinin əməkdaşları barəsidə cinayət işi açılıb. Səbəb yenə də karantin rejimi qaydalarını pozmaları və aztəminatlı ailələrə ayrılmış ərzaq yardımının paylanmasında yol verdikləri qanunsuzluqdur.

Həmin rayonlar Sabirabad, Ağcabədi və Tərtərdir.

Məlumatı Baş Prokurorluq yayıb.

Sənəddə bildirilir ki, Sabirabad rayon İcra Hakimiyətinin Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyev barəsində də araşdırma aparıblar. Onlar barəsində Heydər Əliyev Fondunun imkansız ailələrə göndərdiyi ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verdiklərinə dair şübhələr var:

“Ərzaq paylarını özlərinin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamalarına dair şikayətlər vardı. Hər iki şəxsin vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə dair də əsaslı şübhələr müəyyən olunub”.

Xəbərdə deyilir ki, Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənov, Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov və müavini Allahverdi Hüseynovun da vəzifə saxtakarlığına yol verdikləri ilə bağlı məlumatlar var:

“Arayışlara bilə-bilə yalan məlumatlar daxil edib, ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən olunub”.

Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verildiyi ilə bağlı şikayətlər var. Prokurorluq bildirir ki, Şahid Məmmədovun vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub:

“Qeyd olunan şəxslər müvafiq rayon icra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilib. Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Sonda prokurorluq bildirir ki, belə hallarla üzləşən vətəndaşlar “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.

Daha öncə də eyni qanun pozuntusu ilə bir neçə rayonun icra hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin vəzifəli şəxsləri barəsində cinayət işi açılmışdı. Həmin bölgələr isə Masallı, Quba, Cəlilabad, Zərdab, İmişli, Bərdə, Naftalan və Şirvandır.

Ana səhifəSosialDaha üç rayonda icra nümayəndələri məsuliyyətə cəlb edildi