Vəkil: Vergilər Departamenti jurnalistlərin vergi fəaliyyətini yoxlasa da, hər hansı pozuntu tapmayıb
Jurnalistlər Aytən Fərhadova və Aynurə Heydərova ölkədən çıxışlarına qoyulan qadağaya görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Onlara ölkədən çıxış qadağası Meydan TV rəhbərliyinə qarşı başlanmış cinayət işi ilə əsaslandırılır.
Jurnalistlərin vəkili Fariz Namazlının sözlərinə görə, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi çərçivədə bir neçə jurnalistin, o cümlədən Aytən Fərhadova və Aynurə Heydərovanın ölkədən çıxışına qadağa qoyulub, bu opengovernment.az saytı məlumat yayıb.
Aytən Fərhadova cinayət işi ilə bağlı İstintaq İdarəsində dindirilib. Aynurə Heydərova isə ölkədə olmadığına görə, 2015-ci ilin noyabrında onun Gəncə şəhərindəki qeydiyyatda olan ünvanına Gəncə şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları gedərək, ailə üzvlərini polis bölməsinə aparıb, jurnalistin fəaliyyəti ilə bağlı dindiriblər.
Vəkil bildirib ki, Vergilər Departamenti jurnalistlərin vergi fəaliyyətini yoxlasa da, hər hansı pozuntu tapmayıb.
Hər iki jurnalist məhkəməyə müraciət edərək, Baş Prokurorluğun onların ölkədən çıxışına qoyduğu qadağanın qanunsuz sayılmasını istəyiblər. Nəsimi Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi iddianın İnzibati-İqtisadi Məhkəməsinə verilməsini tövsiyə edərək, şikayəti icraata götürməkdən imtina edib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də şikayətə baxmaqdan imtina edib. Bundan sonra jurnalistlər Avropa Məhkəməsinə müraciət etməli olublar.
Onların ərizəsində Avropa Konvensiyasının 6.1-ci (məhkəməyə çatımlılıq hüququ), 13-cü maddəsinin (səmərəli müdafiə vasitələri hüququ) və 4 saylı protokolun 2-ci maddəsi (sərbəst hərəkət etmək azadlığı) pozuntusunun tanınması xahiş edilir.