2015-ci ildə Azərbaycanda 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb
İtaliyanın ətraf mühitdə mühəndislik və müdəfiə işlərinin görülməsi ilə məşğul olan “Maccaferri” şirkəti Azərbaycanı tərk edib.
“Maccaferri Azerbaijan” MMC-nin ləğv olunduğu barədə məlumatı “Vergilər” qəzeti yayıb. İnformasiyaya görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu Rəşid Behbudov küçəsi, ev 59, mənzil 63 ünvanına bildirə bilərlər.
130 yaşı olan “Maccaferri”-nin 100-dən artıq ölkədə 70-dən çox törəmə müəssisəsi var. Onlarda 3 minədək əməkdaş çalışır.
Devalvasiyadan sonra bu, ilk hal deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda 71 xarici şirkət və nümayəndəliyi fəaliyyətini dayandırıb. Bu isə investisiyaların ölkədən çıxması deməkdir. Xarici kapitallı təşkilatların ölkədən getməsi dalğası 21 fevral və 21 dekabr devalvasiyasından sonra daha çox nəzərə çarpır.
Bu şirkətlərin çoxu neft layhələrinə xidmət, İKT və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlıdır. Yol tikintisi ilə məşğul olan İtaliyanın Todini şirkəti bu cəhətdən səciyyəvidir. Ötən il Fransanın “Technip Maritime Overseas”, İtaliyanın “Maccaferri Azerbaijan” şirkətinin nümayəndəliyi, Türkiyənin “Anel” Telekomünikasyon Elektronik Sistemləri Sanayi ve Ticaret Anonim şirkəti, Britaniyanın A”mec Process & Energy Limited” şirkətinin nümayəndəliyi ölkəni tərk edib.
“Turan” İA