Fuad Ağayev: Adamlar yarıçılpaq vəziyyətdə müstəntiq qarşısına da aparılıb, məhkəməyə də, təcridxanaya da”
7 il əvvəl Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrlə bağlı 5 nəfərdən ibarət daha bir qrupun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Onların arasında hadisələrin birbaşa iştirakçısı – korpus komandiri, general Hikmət Həsənovun köməkçisi Fuad Ağayev də var.
Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri baxsa da, bir ildən çox davam edən məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilirdi. Oktyabrın 31-də hakim Zeynal Ağayevin sədrliyilə elan olunan hökmə əsasən, generalın hüquq işləri üzrə köməkçisi olmuş, korpusun hüquqşünası, mayor Fuad Ağayevə 13 il azadlıqdan məhrum etmə cəzası verilib. Lakin onun əvvəlki cəzaları da buna birləşdirilib və 13 illik cəzanın əvvəlinin 2017-ci ildən hesablanmasına qərar verilib.
Daha bir mayor – şəxsi heyətlə iş üzrə bölmə rəisinin köməkçisi olmuş Ramil Əhmədov isə 9 il 6 ay azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Fuad Axundova da eyni cəza verilib – 9 il 6 ay. Lakin Ramil Əhmədovdan fərqli olaraq, o, başqa bir cinayət işi üzrə 2018-ci ildən həbsdədir. Həmin hökm üzrə çıxarılmış cəza da birləşdirilməklə, ona 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın əvvəli də 2018-ci ildən hesablanacaq. Ramil Əhmədov isə 2018-ci ildən həbsdədir.
Təqsirləndirilən gizirlər Qurban Cümşüdov və Cavid Ağadadaşov da Tərtərdə hərbçilərə işgəncə verilməsi, bəzilərinin döyülərək öldürülməsi ilə əlaqədar bundan əvvəl də cəzalandırılıb. Onlara Tərtər Hərbi Məhkəməsinin 2019-cu ilin yanvarında çıxardığı hökmlə 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Bu cəzanın bitməsinə az qalmış yeni epizodlarla əlaqədar bir daha Tərtər işi üzrə cinayət məsuliyyətinə cəlb olunublar. Onlara verilmiş 6 illik cəza 2023-cü ilin yayında başa çatıb. Bu dəfə isə onların hər biri daha 4 il azadlıqdan məhrum edilib.
Hökmdən əvvəl məhkəmədə təqsirləndirilən şəxslərdən Ramil Əhmədov, Qurban Cümşüdov və Fuad Ağayev son sözlərini deyiblər.
Mayor Ramil Əhmədov bildirib ki, təqsirsizdir. Onun sözlərinə görə, buna ittiham tərəfi də əmindir:
“Zərərçəkənlər əsl günahkarların adlarını çəksələr də, onları yox, məni məsuliyyətə cəlb etmisiniz, niyə? Niyə görə yuxarı komandanlıq hələ də məsuliyyətə cəlb olunmayıb? Axı baş verənlərin əmrini onlar verib. Qanunsuzluq varsa, onlar niyə burada deyil? Qanunsuzluq yoxdursa, biz niyə buradayıq? Mən əmrə tabe olmuşam. Hərbidə əmr hamı üçün əmrdir, ona tabe olmalısan. İttihamda yazılıb ki, guya mən rütbə və vəzifə qazanmaq üçün bu işləri görmüşəm. Belə çıxır ki, Azərbaycanda işgəncə verib, general olanlar var. Mən isə əvvəl də mayor idim, ondan sonra da mayor qalmışam”.
O əlavə edib ki, kiminsə yerinə cəza çəkmək istəmir. Əgər ona cəza verilərsə, intihar etmək niyyətindədir.
Fuad Ağayev son sözündə məhkəmədən ədalətli qərar verilməsini istəyib.
Qurban Cümşüdov təqsirsiz olduğunu bildirib, bəraət verilməsini xahiş edib.
Tərtər işgəncələrilə bağlı cinayət işi üzrə zərərçəkmişlərin sayı 500-ə yaxın olsa da, konkret bu 5 nəfərin nəfərin məhkəməsində 317 nəfər zərərçəkmiş qismində tanınıb. Həmçinin işgəncə nəticəsində həyatını itirmiş 4 nəfərin ailə üzvü də zərərçəkmişin hüquqi varisi qismində tanınıb.
Zərərçəkmişlər məhkəmə prosesində ifadə verərkən Tərtərdə ağlasığmaz işgəncələrə məruz qaldıqlarını deyiblər. Onlar icraçılarla yanaşı, bu hadisələrin təşkilatçılarının cəzalandırılmasını tələb ediblər. Bu məhkəmə prosesində dəfələrlə müdafiə naziri Zakir Həsənovun, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxovun, Hərbi Prokuror Xanlar Vəliyevin, onun müavini Şəfahət İmranovun, keçmiş korpus komandiri Hikmət Həsənovun və s. vəzifəli şəxslərin çağırılıb dindirilməsi barədə vəsatətlər qaldırılıb. Lakin heç birini hakimlər təmin etməyib.
Təqsirləndirilən şəxslər də bundan narazı qalıb. Onlar bildirib ki, əmr yerinə yetiriblər.
Qurban Cümşüdov məhkəmədə ifadəsində bildirib ki, o zaman onu hərbçiləri kütləvi şəkildə toplayıb, işgəncə verdikləri köhnə qərargah binasının çöl tərəfdən mühafizəsinə cəlb etmişdilər:
“Daxili xidmət nizamnaməsində göstərilib ki, komandirlərin verdiyi əmrə sözsüz tabe olacaqsan, icra edəcəksən. Mənim əmrdən çıxmağa ixtiyarım yox idi”.
Digər təqsirləndirilən Cavid Ağadadaşov bildirib ki, Müdafiə Nazirliyinin generalları hadisə yerində idi, işgəncələri gözlərilə görürdülər: “Rasim Əliyev də ətrafda nə baş verdiyni yaxşı görürdü. Mən kiçik gizir, o binada necə qanunsuz adam saxlaya bilərdim? Ölkənin bütün güc strukturlarının generalları orada idi. Hərbi prokuror orada, istintaq orqanlarının vəzifəli şəxsləri orada… O boyda adamların olduğu yerdə necə qanunsuz adam saxlaya bilərdim? Tapşırıq alıb, icra etmişəm, vəssalam. Burada dayan, orada dayan, yemək gətir, su apar. Orada işgəncə əmri vermək heç Fuad Ağayevin də boyuna görə deyildi. Kim idi Fuad Ağayev? Ondan dörd pillə yüksək rütbəli şəxslər vardı orada”.
Fuad Ağayev də bildirib ki, Tərtərdə baş verənlər öncədən Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbərliyi arasında razılaşdırılmışdı. Bundan sonra dindirmələrin aparılması, şübhəli sayılanların gətirilərək işgəncə verilməsi üçün Tərtər ərazisindəki köhnə qərargah binasında hazırlıq işləri görülüb.
O əlavə edib ki, həmin hadisələr baş verəndə işgəncələrdən prokurorluğun müstəntiqləri, məhkəmə hakimləri xəbərdar idi. Çünki işgəncə görənlər hərbi prokurorluğun müstəntiqlərinin təqdim etdikləri siyahı əsasında gətirilirdi.
Fuad Ağayevin sözlərinə görə, çılpaq vəziyyətdə soyundurularaq, işgəncəyə məruz qoyulan, qan içində olan əsgər və zabitlər bu durumda müstənqti qarşısında dindirilib, hakim önünə çıxarılıb:
“Əgər qanunsuz iş görürdüksə, o zaman niyə bizi tutmurdular, demirdilər ki, belə eləmək olmaz, susurdular? Adamlar yarıçılpaq vəziyyətdə müstəntiq qarşısına da aparılıb, məhkəməyə də, təcridxanaya da. Heç kim də heç nə deməyib”.
Tərtər işi ilə bağlı 2021-ci ildə yenidən istintaq başlayandan sonra 13 nəfər həbs olunub. Onların işi sonradan ayrılaraq, üç qrup şəklində məhkəməyə göndərilib. Bu qruplardan ikisində 4, birində isə 5 nəfər mühakimə olunur.
4 nəfərlik iki qrupun işi üzrə hökm çıxarılıb.
Bunlardan birində mühakimə olunan 4 nəfər Tərtərdəki hərbi hissələrdən birinin komandiri olmuş Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev və orada müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Ələsgərov 9 il 6 ay, digərləri isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də onlar haqqında hökmü qüvvədə saxlayıb.
İkinci 4 nəfərlik qrupa isə iyunda hökm oxunub. Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmüş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilib. Onların işinə hazırda apellyasiya məhkəməsində baxılır.