Mayın 28-də Sabunçu rayonunda, “Koroğlu” metro stansiyası yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumat “Facebook” istifadəçiləri tərəfindən yayılıb.
Bildirilib ki, "Wolskwagen Polo" markalı avtomobilinin sahibi Günel Fərmanova səhər saatlarında yol kənarında təmizlik işləri aparan 1945-ci il təvəllüdlü Hürü Aslanovanı vurub. Hürü Aslanova elə hadisə yerində ölüb.
Faktla bağlı rəsmi məlumat yoxdur.
Bu, 2019-cu ildə baş verən ilk hadisə deyil. Bu ilin ilk günündə – yanvarın 1-də Gəncə şəhərində Təmizlik İdarəsinin işçisi, 1952-ci il təvəllüdlü Gülçöhrə Şərifova yolu süpürən zaman avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal xəstəxanaya çatdırılıb.
Ötən ilin noyabrın 8-də Nizami rayonunda avtobus sürücüsü Vurğuz Yavər oğlu Şirinov idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə təmizlik işləri aparan Bəsti Eyvazovanı vuraraq öldürüb.
Ötən il martın 27-də isə Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
İctimaiyyətin diqqətini çəkən ilk belə hadisə 2013-cü ildə, hazırda Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyan, Azərbaycan milli yığmasının üzvü Araz Abdullayevin Bakının Xətai rayonu ərazisində iki yol süpürən qadını avtomobillə vurması olmuşdu.
O zaman qadınlardan biri həlak olmuş, digəri isə yaralanmışdı. Qeyd olunan hadisələrdən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi ilə təmizlik işləri aparan şəxslərə xüsusi geyim forması paylanıldı.