Vəkil cinayət işinə xitam verilməsini istəyib
“Reallıq.info” saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Martın 13-də hakim Əlövsət Abbasovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib. İ.Rəhimovun vəkili Elçin Sadıqov müvəkkilinin haqqındakı cinayət işinin qanunsuz və əsassız olduğunu bildirərək, ona xitam verilməsi haqda vəsatət qaldırıb. Vəkil deyib ki, əgər hakimlər kollegiyası bu vəsatəti təmin etməsə, heç olmasa, məhkəmə dövründə, hökm elan olunana qədər ev dustaqlığına buraxılmasını istəyib.
Vəsatətlərin heç biri təmin olunmayıb. İş üzrə məhkəmə baxışı martın 27-nə təyin olunub.
İkram Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham olunur. O, müxtəlif vətəndaşlardan rüsvayedici məlumatlar yaymaq hədəsilə pul almaqda təqsirləndirilir.
İ.Rəhimov ittihamları rədd edir. O, həbsinin sifarişli olduğunu, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında yazdığı tənqidi yazıdan sonra həbs olunduğunu bildirir.