“Cibindən məktub tapılıb, Prokurorluğa verilib”
Xəzər rayon sakini, 44 günlük müharibənin iştirakçısı, qazi Elçin Xalid oğlu Hüseynzadənin əlilliyini ala bilmədiyi və süründürməçiliyə məruz qaldığı üçün intihar etdiyi bildirilir.
Bu haqda məlumatı Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev öz sosial şəbəkə hesabında paylaşdığı statsunda yazıb.
“Deyilənə görə, bununla bağlı cibindən məktub tapılıb, Prokurorluğa verilib. Müharibədə kontuziya almışdı. Sağlamlığında ciddi problem yaranmışdı. Maddi sıxıntıları vardı. Kontuziya almağına baxmayaraq bir adamın qəlbinə dəyməzdi, incitməzdi”, – Hacı Vəliyev qeyd edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
“Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, – qurumun mətbuat xidmətindən bildirilib.
44 günlük müharibə nə vaxt baş verib?
2020-ci il sentyabrın 27-də Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Müharibədə Azərbaycan tərəfdən 3 minə qədər hərbi qulluqçunun və 100 civarında mülki şəxsin həlak olduğu açıqlanıb.
Yaralananların sayı barədə rəsmi məlumat olmasa da, 3 min nəfər civarında hərbçinin əlillik aldığı bildirilib.
Həmin vaxtdan müharibə iştirakçıları müxtəlif dövlət qurumlarının önündə tez-tez etiraz aksiyaları keçirib.
Tələbləri, adətən, əlillik dərəcəsi ala bilməmə, yaxud yanlış əlillik dərəcəsinin təyini, diqqətsizlik, müalicə xərclərinin qarşılanmaması, veteranlıqla bağlı ödəniş edilməməsi barədə olub.
Neçə qazi intihara edib?
Azərbaycanda indiyə qədər diqqətsizlik və biganəlikdən bezən 50-dən artıq qazinin intihara əl atdığı deyilir. Onlardan 43 nəfəri ölüb.