Daha bir polkovnik-leytenant həbs olunub

Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti.

Xəyyam Babayevlə bağlı 4 aylıq həbs-qətimkan tədbiri seçilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev rüşvət ittihamı ilə həbs olunub.

Oktyabrın 24-də Bakı Hərbi Məhkəməsində onun haqqında həbs qərarı verilib. İlkin istintaq dövrü üçün onun haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəyyam Babayevə qarşı Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Onun işi üzrə istintaq Hərbi Prokurorluqda aparılır.

1982-ci il təvəllüdlü Xəyyam Babayev bundan əvvəl Goranboy və Ağdam hərbi komissarlığında işləyib.

Son dövrlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müxtəlif rayonlar üzrə bölmə rəisləri həbs olunub.

Oktyabrın 10-da Xidmətin Xocavənd rayon bölməsinin rəisi, mayor Sadiq Əliyev külli miqdarda rüşvət ittihamı ilə həbs edilib.

Ondan əvvəl sentyabrın 27-də Xidmətin Daşkəsən rayon bölməsinin rəisi, mayor Anar Əsgərov da Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə həbs olunub. Onlar haqqında da istintaq hazırda Hərbi Prokurorluqda gedir.

Bu yaxınlarda həbs olunanlar arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Qurbanov da var. O, rüşvət alma və dələduzluq kimi əməllərdə ittiham olunur.

Ana səhifəSiyasətDaha bir polkovnik-leytenant həbs olunub