Daha bir polkovnik həbs edildi

Foto: Meydan.TV

Mahir Şirvanova qarşı cinayət işi açılıb

Müdafiə Nazirliyi sistemində çalışmış yüksək vəzifəli şəxslərin həbsi davam edir. Nazirlikdə eyni idarəyə bir-birinin ardınca rəhbərlik etmiş hər iki şəxs həbs olunub. Söhbət Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsindən gedir.

İki gün əvvəl bu idarənin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 341 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və s. maddələrilə ittiham irəli sürülmüşdü.

Fevralın 23-də isə Qurbanovdan öncə bu idarənin rəisi olmuş polkovnik Mahir Şirvanov həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Mahir Şirvanova qarşı da xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Onların barəsində Bakı Hərbi Məhkəməsinin qərarıyla həbs qətimkan tədbiri seçilib.

Məlikməmməd Qurbanov 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılmışdı.

Müdafiə Nazirliyində həbslərlə nəticələnən əməliyyatlar təxminən on gün əvvəl başlayıb. İlk həbs edilənlər arasında Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, polkovnik Rəfael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə də vardı.

Bu iş üzrə araşdırmalar Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılır.

Həbs edilən şəxslərin özlərini təqsirli bilib-bilmədikləri, verilən ittihamlara münasibətləri məlum deyil.

Ana səhifəSiyasətDaha bir polkovnik həbs edildi