Neftçilərin axtarışı ilə bağlı yaradılmış qərərgah açıqlama verib
Fevralın 28-də “Pirsaat daş silsiləsi” ərazisində tapılan meyit neftçi Qorxmaz Rüstəmova aiddir.
Məlumatı APA-ya neftçilərin axtarışı ilə bağlı yaradılmış qərərgahdan veriblər.
“Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar axtarış-xilasetmə əməliyyatları davam etdiyini bildiriblər.
1974-cü il doğumlu Qorxmaz İsbat oğlu Rüstəmov “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışıb. Onun meyiti ailəsinə təhvil veriləcək.
2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib. Qalanlarının axtarışı isə nəticə verməyib.
Nefçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə açıqlamasında axtarışı, texnikanı, peşəkarlığı sıfra bərabər hesab etdiyini söyləyib:
“Əgər Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasediciləri olsaydı, bu, Günəşli yatağındakı hadisədə özünü göstərərdi. Sonuncu baş verən faciədə biz bunu görərdik, amma görmədik. Bütün bunlar da xilasetmə işlərinin kifayət qədər yaxşı təşkil edilmədiyinin göstəricisidir. Axtarışa da gec başlanmışdı. Neft şirkətinin özünün xilasetmə gəmiləri, vertolyotları yoxdur. Nəticədə də axtarışlar səmərə vermədi”.