Daha bir keçmiş icra başçısı məhkəmə qarşısına çıxarılır

Ağstafanın sabiq icra başçısı isə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına birinci müavini olmuş Ramiz Tatarovla birlikdə çıxarılacaq. Amma Qoca Səmədov tək mühakimə olunacaq.

Foto: Yevlax şəhər İcra Hakimiyyəti


Qoca Səmədovun məhkəməsi Şəkidə baş tutacaq

Həbsdə olan keçmiş icra başçılarından daha birinin hakim qarşısına çıxarılacağı gün məlum olub. Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevdən sonra Yevlax rayonunda eyni vəzifədə çalışmış Qoca Səmədovun da işi üzrə istintaq yekunlaşdırılıb və materiallar araşdırılması üçün məhkəməyə göndərilib. Onun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində (cinayətin törədildiyi iddia olunan Yevlax ərazi baxımından bu məhkəmənin yurisdiksiyasına daxil olduğuna görə), Rəşid Hüseynovun sədrliyilə, Nahid Mirzəyev və Rəşad Əliyevdən ibarət hakimlər kollegiyası baxacaq.

Meydan TV-nin əldə etdiyi məlumata görə, keçmiş icra başçısının işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 21-də saat 11.00-a təyin edilib.

Ağstafanın sabiq icra başçısı isə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına birinci müavini olmuş Ramiz Tatarovla birlikdə çıxarılacaq. Amma Qoca Səmədov tək mühakimə olunacaq.

Həbsdə olan digər icra başçılarının işi üzrə DTX-nın İstintaq İdarəsində aparılan araşdırmalar isə davam edir.

Azərbaycanda icra başçılarının həbs dalğası ötən ilin dekabrında Qoca Səmədovla başlayıb. DTX-nın yaydığı açıqlamada o, icra başçısı işlədiyi müddətdə işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi məqsədilə, əməkhaqqı kimi ayrılan vəsaitləri ələ keçirməkdə, Yevlaxda müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsait mənimsəməkdə, abadlıq işlərinə ayrılan büdcə vəsaitlərinin yeyintisində ittiham olunur. İddiaya görə, sabiq icra başçısı 2017-2019-cu illərdə Yevlaxda abadlıq işlərindən ötrü dövlət büdcəsindən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb.

Qoca Səmədov, onun vəkili və ya yaxınları bu ittihamlara münasibət bildirməyib.

Qoca Səmədov və ondan sonra həbs olunan Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarının icra başçılarına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Ana səhifəSiyasətDaha bir keçmiş icra başçısı məhkəmə qarşısına çıxarılır