Daha bir icra başçısı məhkəmə qarşısına çıxarılır

İsmayıl Vəliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq

Source: Meydan Tv


İsmayıl Vəliyev Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunacaq

Həbsdə olan keçmiş icra başçılarından daha birinin mühakiməsi başlayır. 2005-2011-ci illərdə Qobustan rayonunun, 2011-ci ildən 2020-ci ilin fevralında həbs olunana qədər isə Neftçalanın icra başçısı olmuş İsmayıl Vəliyev yaxın vaxtlarda hakim qarşısına çıxarılacaq. Onun işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Nizami Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Sabiq icra başçısının işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 6-na təyin edilib. Həmin gün İsmayıl Vəliyevlə yanaşı, onun birinci müavini olmuş Vurğun Əkbərov, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayonun Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da hakim qarşısına çıxarılacaq. Onlar eyni vaxtda cinayət məsuliyyətinə cəlb edilib və birlikdə də mühakimə olunacaqlar.

Həbsdə olan keçmiş icra başçılarından daha ikisinin məhkəməsi davam edir. Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyevin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun işinə isə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Keçmiş məmurlar məhkəməyə ifadələrində verilmiş ittihamlar üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarının icra hakimiyyəti başçıları Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir və Cəlilabad rayonlarında davam edib.

Keçmiş icra başçıları DTX-nın istintaq təcridxanasında saxlanılır. Onlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Sabiq məmurların işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılır.

Ana səhifəXəbərlərDaha bir icra başçısı məhkəmə qarşısına çıxarılır