Ayət İsmayılın nədə ittiham edildiyi açıqlanmır
AXCP Beyləqan təşkilatının gənc fəalı Ayət İsmayıl martın 6-da polisə aparılıb. Onun evindən götürüldüyü deyilir. Məlumatı AXCP sədrinin müavini Gözəl Bayramlı verib. Deyib ki, gənc özü də martın 6-sı axşam saatlarında “Facebook”-da polisə aparıldığını yazıb. O, qısa məlumatında şərləndiyini qeyd edib: “A.İsmayıl martın 6-sı axşam saatlarında saxlandıqdan bir qədər sonra evə buraxılıb. Amma ondan martın 7-də yenidən Beyləqan rayon Polis Şöbəsinə gəlməsi tələb edilib. İndi polisdədir. Hələ ki, polisdən çıxması barədə hər hansı informasiya almamışıq”.
Beyləqan rayon Polis Şöbəsinin növbətçisi məsələdən xəbərsiz olduğunu söyləyib. Ayət İsmayılın nədə ittiham edildiyi isə açıqlanmır.
Son həftələrdə Azərbaycanın bölgələrində və Bakıda 50-dən çox fəal həbs edilib. Təcridxana və cəza evlərində müxalifətçilərə, müstəqil fəallara, inanclı insanlara işgəncələr verilməsi ilə bağlı şikayətlər artıb. Hüquq mühafizə orqanları belə şikayətləri qəbul etmir, böhtan kimi dəyərləndirirlər.
Hüquqşünas Fariz Namazlı deyir ki, həbs dalğası uzun müddətdir davam edir. Səbəb hakimiyyətin tənqidi fikirlərdən ehtiyat etməsi, sosial şəbəkələrdə onlara qarşı tənqidlərə dözümsüzlüyüdür.