O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur
Narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan dini fəal Elvin Zeynalov barəsində fevralın 1-də Bakının Nərimanov Rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib.
İstintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı bildirilir.
Fəalın yaxınları ttihamın yalan olduğunu bəyan edirlər.
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
Yaxınları bildiriblər ki, axşamüstü qara paltarlı adamlar Elvini evinə gətiriblər və axtarış aparıblar. Onlar şkafdan bir şalvar götürüb cibinə marixuana qoyub video çəkiblər. Sonra o şalvarı da, Elvini də aparıblar.
Daxili İşlər Nazirliyinə və Ombudsman Aparatına müraciətlərə baxmayaraq, doğmaları Zeynalovun saxlanıldığı yeri müəyyən edə bilməyiblər.
Onların sözlərinə görə, Zeynalov gündəlik işlə məşğul olur və qazandığı vəsaitlə əvvəllər həbs edilmiş dindarların və dini fəalların ailələrinə kömək edib.
Elvin Zeynalov Qarabağ müharibəsi veteranı, 2015-ci ildə Naradaran hadisələrinə görə məhkum edilmiş, bir il əvvəl isə narkotik maddə alveri ittihamı ilə yenidən həbs edilmiş Etibar İsmayılovun bacısının oğludur.
Hüquq müdafiəçiləri ölkədə 500-dən artıq dini inanclının həbs olunduğunu bildirir.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, hərəkatın 70-dən artıq üzvü hazırda həbsdədir.
Həbs olunan dindarların böyük əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir, saxta ittihamla cəzalandırıldıqlarını deyirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunan şəxslərin konkret faktlar əsasında saxlandığını bildirir.