O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır
Daşkəsənin Xoşbulaq kəndinin bələdiyyə sədri olmuş Rasim Allahverdiyev həbs edilib.
Məlumatı Baş Prokurorluq yayıb.
Bildirilir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edib: “Rasim Allahverdiyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədov ilə əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini satıblar. Bunu edərkən qanunvericiliyin tələblərini pozublar. Sənədləri köhnə tarixə rəsmiləşdiriblər və torpağı ayrı-ayrı şəxslərə satıblar. Vətəndaşlardan ümumilikdə 25 min 400 manat alıblar”.
Prokurorluq bildirir ki, onlar vətəndaşlardan aldıqları vəsaiti öz aralarında bölüb, şəxsi ehtiyaclarına sərf ediblər: “İş üzrə toplanmış sübutlar əsasında Rasim Allahverdiyev, Şahbaz Mehdiyev və Vüqar Məmmədova fevralın 1-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Rasim Allahverdiyev və Şahbaz Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, Vüqar Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.