Onun martın 21-dən yoxa çıxması barədə məlumatlar yayılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Kənan Basqalın (Zeynalov) martın 21-dən yoxa çıxması barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
DİN-nin Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Anar Qafarov APA-ya bildirib ki, Kənan Basqal martın 21-də axşam saatlarında saxlanılıb.
“Martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”, – DİN-nin məlumatında deyilir.
AXCP hələ ki, məsələ ilə əlaqədar açıqlama verməyib.
Partiyadan daha öncə bildirilmişdi ki, AXCP-nin 15-ə yaxın üzvü həbsdədir. Onlar özlərini təqsirli bilmir, siyasi baxışlarına görə sifarişlə həbs olunduqlarını deyirlər.
Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi motivlərlə təqib olunmadığını, həbs edilənlərin konkret faktlara görə saxlandığını bildirirlər.