Daha bir AXCP üzvünə qarşı cinayət işi açılıb

Səid Məmmədzadə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Source: Meydan Tv


Səid Məmmədzadə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Mayın 16-da uşağını həkimə apararkən saxlanılan AXCP üzvü Səid Məmmədzadə barəsində də cinayət işi başlandığı məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (bıçaq və ya bıçaq qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bu barədə AXCP-dən Meydan TV-yə verilən məlumatda bildirilir ki, ilkin istintaq dövrü üçün S.Məmmədzadə haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İddia olunur ki, S.Məmmədzadə işlətdiyi avtoyuma məntəqəsində bir nəfərə bıçaqla xəsarət yetirib.

Bu iş üzrə istintaq Xətai rayon Polis İdarəsində aparılır.

AXCP-dən bildirilib ki, bu partiyaya qarşı son vaxtlar yenidən güclənən repressiyaların tərkib hissəsidir.

“Səid Məmmədzadə bir sıra tədbirlərdə Əli Kərimlinin yanında olub, hətta bəziləri onun mühafizəçisi kimi tanıyırdı. Avtoyuma məntəqəsindəki hadisənin şahidləri var, onlar bildirirlər ki, həmin şəxs Səid Məmmədzadəni nə qədər təxribata çəkmək istəsə də, alınmayıb. AXCP-yə qarşı baş verənlər göstərir ki, kimisə həbs eləmək üçün bu hakimiyyətə və ona tabe olan hüquq-mühafizə orqanlarına fakt lazım deyil. Sadəcə, şərləyib həbs edirlər”, – deyə partiyanın mətbuat xidmətindən bildirilib.

AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli deyir ki, avtoyuma məntəqəsində sözügedən insidentin şahidi olub: “Üç gün öncə Səid bəyin işlədiyi yerə bir nəfər yollayıb təxribata çəkmişdilər. Təsadüfən mən də maşını yudurtmaq üçün ora getmişdim. Orada gözümün önündə həmin şəxs Səid bəyi ağır təhqirlərlə nə qədər təxribata çəksə də, o, təmkinli davranıb ona heç bir şey eləmədi. Səid bəy saxlanılan kimi ehtimal etdim ki, ona qarşı hansısa iş düzüb qoşurlar. Hadisə yerində məndən başqa da kifayət qədər şahid olub”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə S.Məmmədzadənin siyasi motivlərlə həbs olunması barədə deyilənləri təkzib edib. O vurğulayıb ki, S.Məmmədzadə bundan əvvəl də məhkum edilib.

Son ayyarımda AXCP-nin 30-a yaxın üzvü həbs olunub.

Beynəlxalq təşkilatlar bu həbsləri müxalifətə qarşı repressiya kimi qiymətləndirir. Azərbaycan rəsmiləri isə ölkədə heç kimi siyasi baxışlarına görə təqib olunmadığını iddia edir.

“Səid Bakuvi” kimi tanınan S.Məmmədzadənin qaydasız döyüş idman növü üzrə Avropa çempionu olduğu bildirilir.

S.Məmmədzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərDaha bir AXCP üzvünə qarşı cinayət işi açılıb