Seyidəmirovlar ailəsi “Sovetski”də evi sökülən onlarla ailədən biridir. Mədinə Seyidəmirova deyir ki, yoldaşı Qarabağ müharibəsi veteranı olub. Dünyasını dəyişdikdən sonra ev ailəsinə qalıb. Seyidəmirova onların iyun ayında aldadıldığını iddia edir. Qadının sözlərinə görə,onlara 40 min manat veriləcəyi deyilib, sonra isə məlum olub ki, ev başqa adama satılıb.
“
Şeptalinanın 2-ci mərtəbədə 1otaq evi var. Alqı-satqı edilib. Sənədlər də var məndə, göstərə bilərəm. Lakin bugün gəlib mənim əl-ayağımı bağlatdırıb basdılar maşına, apardılar polis bölməsinə. Səhər saat 10-dan 2-ə kimi orada saxladılar. Təzyiqim qalxmışdı deyə təcili yardım çağırdıq”.
Baş verənlərdə Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini Səməd İslamovu günahlandıran Mədinə xanım deyir ki, xəbərim olmadan gəlib evimdə nə var-nə yox, hər şeyi töküblər çölə.
“
Səməd İslamov ağzınlıq edir. Hamını bezdirib. Bizi də bugünə qoyub. Əşyalarımızı çölə töküb. Qızıllarım, evin sənədləri divanın içində idi, töküb çölə, çıxıb gedib. Gəlinim dedi:“Niyə belə edirsən?” Ona dedi:“Bu saat səni də içəri basdıraram. Səməd İslamov xalqın qadınlarına, qızlarına sataşır. Oğlum xəstədir, xəstəxanadadır. Gəlib onu arvadına sürtüşür ki, gəlib indi səni də basacam maşına”.
Mədinə Seyidəmirova deyir ki, heç kim onların məsələsinə qarışmır. Fövqəladə Hallar Nazirliyinə desələr də, əraziyə heç kim gəlməyib. Mədinə xanım onu da qeyd edir ki, icra hakimiyyəti işlərinə heç kimin qarışmaması üçün göstəriş verib.
“
Tapşırıblar ki, icra hakimiyyətinin işinə heç kim qarışmasın. Nə fövqəladə hallar, nə də televiziya qarışa bilir. Deməli, məhkəmələr töxunulmazdı, icra hakimi toxunulmazdı. Toxunulub ayaq altında qalan xalqın kasıb kütləsidir. Ayağıma baxın, görün mən bu daşların arasında nə gündəyəm. Mənim yoldaşım Qarabağda döyüşəndə bunlar cib kəsiblər. Amma səhər məni şortiklə polisə tutub aparıblar. Niyə axı mən ali savadlı qadınam. Mən niyə polislərdə şortiknən gəzməliyəm?Hansı cinayətin yiyəsiyəm?
Məsələ ilə bağlı Yasamal Rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Zöhrab Cəfərov isə şikayətin əsassız olduğunu dedi.
Fakt budur ki, növbəti “Sovetski” ailəsi öz evindən zorla çıxarılır. Bu ailənin isə şikayət edən son ailə olmayacağı aydın məsələdir.