Daha bir əsgərin xəstəlikdən vəfat etdiyi bildirilir

Şirxan Quliyev – Foto: Ailə arxivindən

Bu, son 3 gündə Azərbaycan ordusunda ikinci ölüm faktıdır

Azərbaycan ordusunun əsgərinin vəfat etdiyi bildirilir.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin məlumatına görə, Şirxan Söhrab oğlu Quliyevin ölüm faktı  əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb.

Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda cinayət işi açılıb.

“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq”, – Hərbi Prokurorluğun məlumatında deyilir.

Hərbçi əslən Qubadlıdan olsa da, Sumqayıt şəhər sakini idi. Yaxınları xəstəlikdən vəfat etdiyini iddia edirlər. Hadisə Tovuz rayonunun, Ağdam kəndindəki N saylı hərbi hissədə baş verib.

Bir neçə gün öncə, fevralın 24-də daha bir əsgər vəfat etmişdi.

Müdafiə Nazirliyindən bildirilirdi ki, Maqbet Xətai oğlu Məcidova vaskulit (damar divarının iltihabı-red.) diaqnozu qoyulub və o, bu xəstəlikdən həyatını itirib.

Ana səhifəSosialDaha bir əsgərin xəstəlikdən vəfat etdiyi bildirilir