Daha 4 ictimai şəxs Baş Prokurorluğa çağırılıb

Foto-kollaj: Meydan TV

Xaricdə yaşayan tarixçi Altay Göyüşov, politoloq Ərəstun Oruclu, jurnalist Beydulla Manafov və “Victor Alexander” adlı “YouTube” kanalının təsisçisi Vaqif Allahverdiyev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıblar.

Baş Prokurorluğun məlumatına görə, Altay Göyüşov 2025-ci il noyabrın 21-də istintaqa gəlməlidir. O, Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönəlmiş açıq çağırışlara təhrik etmək – bu əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunur. 2025-ci il fevralın 23-də Binəqədi Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib. Daha sonra qərara dəyişiklik edilərək Göyüşovun təqsirləndirilən şəxs qismində cəlb olunması rəsmiləşdirilib.

Jurnalist Beydulla Manafov isə Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salmaq, milli ləyaqəti alçaltmaq, yaxud bu əsaslarla hüquqların məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər; bu əməllər mediadan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunur. O, 2025-ci il noyabrın 20-də Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Binəqədi Rayon Məhkəməsi onun barəsində də qiyabi həbs qərarı çıxarıb və daha sonra təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı əlavə qərar qəbul edilib.

ABŞ-də yaşayan Vaqif Allahverdiyev də istintaqa dəvət edilib. Onun barəsində 2025-ci il fevralın 23-də Binəqədi Rayon Məhkəməsi qiyabi həbs qətimkan tədbiri seçib. Allahverdiyev Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə açıq tabe olmamağa, kütləvi iğtişaşlara və zorakılığa çağırış) və 281.2-ci maddələri ilə təqsirləndirilir.

Politoloq Ərəstun Oruclu da eyni — 281.2-ci maddə ilə ittiham olunur. Onun barəsində bu ilin fevralında Binəqədi Rayon Məhkəməsi tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib. Daha sonra Oruclu barəsində həm 220.2, həm də 281.2-ci maddələrlə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı verilib.

Baş Prokurorluq bildirir ki, qeyd edilən şəxslərin hər biri istintaqa çağırılıb və barələrində seçilmiş qətimkan tədbirləri qüvvədədir.

Baş Prokurorluq bundan əvvəl də xaricdə fəaliyyət göstərən bir çox bloger və internet televiziyalarının təmsilçilərini oxşar ittihamlarla istintaqa çağırıb, onların haqqında qiyabi həbs qərarları verib.

Son olaraq bu qərarlar xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı və bloger Abid Qafarov haqda verilmişdi.

Ana səhifəSiyasətDaha 4 ictimai şəxs Baş Prokurorluğa çağırılıb